Prezident İlham Əliyevin "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı fərmandan sonra Dövlət Sığorta Şirkətinin fəaliyyətində müsbət dəyişiklər olacaq.
FED.az bu məsələlər barədə "Azərsığorta" Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin üzvü Xəyyam Hətəmovla olan müsahibəni təqdim edir.
Hörmətli Xəyyam müəllim, icbari sığorta növləri dedikdə konkret olaraq hansı növlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib?
-Məlumat üçün bildirmək istəyirəm ki, Cənab Prezidentin 18.05.2021 tarixli fərmanından sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Son bir il ərzində Dövlət Sığorta Şirkəti tərəfindən hansı işlər həyata keçirilib?
-Qürurla deyə bilərəm ki, Dövlət Sığorta Şirkəti Azərbaycanın ilk sığorta şirkətidir və bu il biz 100 illiyimizi qeyd edəcəyik. Bu səbəbdən Azərsığorta keçmişin və müasir dövrün vəhdət formasında fəaliyyət göstərir. Uzun illər sığorta sahəsinə xidmət göstərmiş təcrübələri ilə yolumuza işıq tutan korifeylərimiz və müasir beynəlxalq təcrübəni operativ həyata keçirən əməkdaşlarımızla komanda şəklində işləyirik.
Bildiyiniz kimi Dövlət Sığorta Şirkəti bazar üzrə ümumi sığorta ödənişi statistikasında da ilk sıradadır. Bu il əməkdaşlarımız könüllü şəkildə istirahət bilmədən işləmələrinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsi iştirakçılarına və vərəsələrinə yerində baş çəkmiş, sənədləri yığılmış və 45 milyon manatdan çox hərbiçilərə ödənişlər verilmişdir. Vəzifə borcumuz olmağına baxmayaraq "Azərsığorta"nın 462 əməkdaşının hər birinə təşəkkür edirəm, bu işdə göstərdikləri dəstəyə görə hər birinə minnətdaram. Əməkdaşlarımız bizim üçün çox dəyərlidir.
Şirkət olaraq Azərbaycan vətəndaşlarına yüksək xidmət vizyonumuzdur. Belə ki, II Qarabağ müharibəsi iştirakçıları və vərəsələrindən bank rekviziti tələb olunmadan şəxsiyyəti təsdiq edən sənədlə adlarına hesab açılması və ödənişin 1 saat ərzində hesablarına mədaxil olunması, sms-lə məlumatlandırılması, habelə onlara yaxın olan istənilən filiallardan vəsaiti məxaric edə bilmələri "Kapital Bank" və Mərkəzi Bankla birgə əməkdaşlığımız sayəsində ərsəyə gəlmişdir.
Əlavə olaraq qeyd edə bilərəm ki, beynəlxalq təcrübəyə əsaslanaq yeni korporativ idarəetmə strukturumuz da təsdiqlənmişdir. Müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması sahəsində də yeniliklərimiz var. Nəzərə alsaq ki, hər gün minimum 40, maksimum 90 digər sığorta növləri üzrə hadisələr tənzimlənir. Digər vətəndaşlarımızın da sığorta ödənişlərinin sürətli köçürülməsi üçün "Kapital Bank"la danışıqlar davam edir. Çox yaxın vaxtlarda müştərilərə ödənişlərin gec ötürülməsinin Şirkətimizdən asılı olmayan texniki səbəbləri də aradan qaldırılacaq.
Yeni strukturun formalaşdırılması şirkətinizə hansı üstünklər gətirəcək?
Yeni strukturun bölmələrinin yaradılması şirkətin fəaliyyətini korporativ dəyərlərə uyğun şəkildə davam etdirməsinə imkan verir. Bununla yanaşı, şirkədə işin effektivliyi tam şəklildə təmin edilməyə başlanılıb. Bütün işlərin uğurlu nəticələnməsi üçün təşkilati strukturda departamentlərin əsasnamələri, iş prosedurları və təlimatları hazırlanmışdır. Fəaliyyət planı üzrə bu işlərin həyata keçirilməsi üçün müvafiq işçi qrupu da yaradılıb. Sığorta sahəsində ən böyük investisiya insan olduğu üçün əməkdaşlarımız ASA-nın təşkil etdiyi müxtəlif kurslara göndərilir, biliklərinin təkmilləşdirilməsinə şərait yaradılır.
Portfelin saglamlaşdırılması istiqamətində hansı işlər görülür?
Sadaladığım bütün bu tədbirlərin davamı olaraq, bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması, genişlədilməsi və bəzi xərclərin azaldılmasıdır. Sağlamlaşdırma və izafi xərclərin aradan qaldılması üçün mütəmadi olaraq aktuar hesablamalar aparılır, zərərliliyi yüksək olan riskli portfel təmizlənir və audit yoxlaması nəticəsində uzunmüddətli mənfəət gətirməyən bəzi rayon filialların fəaliyyəti dayandırılır. Yeni fəaliyyət planımıza uyğun olaraq portfelin səmərəliyini artırmaq üçün departamentlərimiz dayanmadan çalışır. Bunun nəticəsi olaraq 2020-ci ilə nisbətən sığorta satışımız 100 faiz artıb.
Bundan sonra Dövlət Sığorta Şirkəti fəaliyyətini hansı istiqamətdə davam etdirəcək?
Fəaliyyətimiz bir mənalı olaraq sağlam portfel formalaşdırmağa davam edərək könüllü sığorta növlərinin sayını son 6 aydakı tendensiyaya uyğun olaraq artırmaq, eləcə bu sığorta növləri üzrə təbliğat-tanıtım işlərini daha da sürətləndirməkdir. İcbari sığorta növləri porfeldə müəyyən paya malik olmasına baxmayaraq zamanla portfelimizdə könüllü sığorta növlərinin xüsusi çəkisini daha da artırmağı planlayırıq. Başlıca istiqamətlərimizdən biri müştərilərimizə fərqli, faydalı sığorta paketləri təklif edərək yüksək xidmət göstərmək olacaq.
Strategiyaya uyğun olaraq cari ilin sonunadək hansı işlərin icrası planlanıb?
- Bildiyiniz kimi, Azərbaycanın sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” 2021-ci ildə də bazarın lider şirkəti olaraq qalmaq, eləcə də vətəndaşlarımıza daha yüksək səviyyəli xidmət göstərmək niyyətindədir. Ümumi strateji plana nəzər yetirsək görərik ki, bütün işlər düzgün istiqamətdə həyata keçirilir. Planımıza görə, şirkətin əsas maliyyə göstəriciləri üzrə dinamikanın əvvəlki illərə nisbətən daha da yüksəldilməsi, korporativ sosial məsuliyyət proqramlarının təşkili işlərinin artırılması, maarifləndirmə işlərinin davamlı təşkili, şirkətin rəsmi veb səhifəsinin redizaynı, sosial şəbəkə vasitələrinin aktiv istifadəsi və digər işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulub.
Xəyyam müəllim, müsahibəyə görə təşəkkür edirik.
-Mən də öz növbəmdə FED.az komandasına təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.