İcbari avtoməsuliyyət sığortası müqavilələri üzrə sığorta haqlarını “MilliÖn” ödəniş terminalları vasitəsilə də ödəmək mümkündür. Bu barədə FED.az-a İcbari Sığorta Bürosundan məlumat verilib.
Bildirilib ki, artıq vətəndaşlar bu yenilikdən istifadə etməklə öz icbari sığorta müqavilələri üzrə sığorta haqlarını asanlıqla müştərisi olduğu sığorta şirkətinin hesabına köçürə bilərlər. Bunun üçün sadəcə terminalın ekranında “Sığorta”, daha sonra “İcbari avtoməsuliyyət sığortası” düyməsini seçmək və tələb olunan məlumatları daxil edərək ödənişi icra etmək tələb olunur. Ödənişi etmək üçün icbari sığorta müqavilənizdə qeyd edilmiş mobil nömrənizə 9707 qısa nömrəsindən SMS-lə göndərilmiş ödəniş kodundan və ya şəxsiyyət vəsiqənizin seriya nömrəsi ilə avtonəqliyyat vasitənizin dövlət qeydiyyat nömrəsindən istifadə edə bilərsiniz. Terminallar yalnız kağız əskinaslar qəbul etdiyindən, ödəniş zamanı qalıq qalarsa, həmin qalıq məbləğin kommunal xidmət hesabına yönəldilməsi mümkündür.
Terminal vasitəsilə sığorta haqqının ödənilməsi ödənişin məbləğinə və prosesin gedişatına bilavasitə nəzarət etmək istəyən vətəndaşlar üçün daha əlverişli yoldur.