““EuroHome” tikinti materialları bazarındakı məsələ artıq təhlükəli hal alıb və ciddi araşdırma tələb edən məsələlərdən birinə çevrilib”.
Bu sözləri FED.az-a “EuroHome” tikinti materialları bazarındakı yanğına münasibət bildirərkən sığorta üzrə ekspert İlkin İbrahimov deyib.
Ekspert bildirib ki, bu günə kimi baş verən yanğınlardan görünən odur ki, belə halların təhlükəsizliyinə nəzarət edən qurum daim qarşı tərəfi ittiham edir: “Bu ittihamlar onu göstərir ki, onlar da bu məsələdə irəliləyişə nail ola bilmirlər. Bu məsələdə tək sahibkarlar və bazar sahibi məsuliyyət daşımır. Çünki bazarın təhlükəsizlik qaydalarına nəzarət və orada qayda qanunun yoxlanılması birbaşa FHN-in vəzifəsidir. Bu günə kimi bütün yanğınlardan sonra bu qurum hər dəfə qarşı tərəfi günahlandırır. Bu azmış kimi, heç kim onlarda buna qədər hansı tədbirləri gördüklərini ya soruşmur, ya da soruşduqda onlarda sənəd əsasında sübut ala bilmirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən, obyektləri və bütöv bazarı sığortalamamağa görə, FHN-in səlahiyyətli şəxsləri dükan sahiblərini və bazar rəhbərini cərimələməli idilər. Lakin maraqlıdır ki, belə tənbeh tədbirləri görülməyib. Digər tərəfdən, sahibkarların bu məsələdə günahı ondan ibarətdir ki, onlar birinci yanğın hadisəsindən sonra sığortalanmağa ciddi yanaşmayıblar. Ümumiyyətlə, bütün sahibkarlar bu məsələdə həm dövlətin, həm də əlaqədar qurumların tələb və tövsiyyələrini heçə sayırlar. Bu da hadisədən sonra sahibkarları zərərlərlə üz-üzə qoyur”.
İlkin İbrahimovun sözlərinə görə, daşınar əmlakla bağlı sığortalanma səviyyəsi ölkə üzrə ümumilikdə zəif gedir: “Lakin xüsusilə sahibkarlar üçün daşınar əmlakın sığortası vacibdir. Eyni zamanda daşınar əmlakın sığortalanması üçün sahibkarların da muhasibatlıqlarının rəsmiləşdirilməsi çox vacibdir. Belə ki, daşınar əmlak sığortalanan zaman nə qədər malın bilinməsi üçün mütləq mədaxil olunan mal görünməldir. Bu ona görədir ki, sığorta şirkəti də öz riskini, yəni gələcəkdə baş verən hadisədə nə qədər ödəməli olmasını hesablasın”.