Dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğında çoxsaylı zərərçəkən sahibkarların olması yenidən sığorta məsələsini gündəmə gətirirb.
“Vergidən yayınan sahibkarlar sığortadan yararlana bilmir”
FED.az xəbər verir ki, bu barədə Modern.az-a danışan sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı təəssüflə bildirib ki, illərdir ard-arda baş verən hadisələrdən dərs çıxaran yoxdur:
Eləcə də bax: “EuroHome”da baş verən yanğınla bağlı - CİNAYƏT İŞİ BAŞLANILIB
“2011-ci ildən etibarən tətbiq edilən “İcbari sığortalar haqqında” Qanuna görə, Azərbaycanda istər hüquqi, istər sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, istərsə də vətəndaşların əmlakı məcburi qaydada sığortya cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsində sığorta olunmamağa görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimə müəyyən edilib. Qanuna əsasən, sığorta yalnız daşınmaz əmlakın özünə şamil olunur. Bu zaman daşınmaz əmlak deyəndə onun konstruksiyası, tavanı, döşəməsi, elektrik xətləri və .s nəzərdə tutulur. Sığorta daşınmaz əmlakın içərisində olan mallar, mebel, avadanlıq və s. aid deyil.
Eləcə də bax: “EuroHome”da mağazaları yanan sahibkarlar - YOLU BAĞLADI - VİDEO
Ümumilikdə “EuroHome”dakı sahibkarların öz mağazalarını sığorta etirib-etdirməməsi barədə məlumatım yoxdur. Amma aparılan müşahidələr göstərir ki, hətta belə obyektlərin sığortası olsa da, təəssüf ki, əksər hallarda formal xarater daşıyır. Tutaq ki, bir əmlakın qiyməti 20 milyon manatdırsa, illik təxminən onun sığorta ödənişləri 30-40 min manat olmalıdır. Amma sahibkar 30-40 min manat əvəzinə, əmlakını 4 min manata sığortatdırır. Bu zaman sığorta şirkətləri də 4 min manat müqabilində sahibkara 2 milyon manatlıq sığorta yazırlar. Hər hansı hadisə zamanı da sığorta şirkətinin ödəyəcəyi kompensasiya o sahibkarın heç bir yarasını sağaltmır. Əksər hallarda sığorta müqavilələri formal olaraq bağlanır və ehtiyac yarandığı təqdirdə sahibkarın köməyinə çatmır. Əmlakın özünə gəldikdə, bu, yalnız sahibkar tərəfindən könüllü qaydada sığortalana bilər. Burada da başqa bir problem ortaya çıxır. Bu kimi ticarət mərkəzlərindəki sahibkarların bütün malları rəsmi uçotdan kənardır. Onların heç birinin mağazasında nə qədər mal olduğuna dair rəsmi sənəd yoxdur. Əsasən vergidən yayınma hallarında buna rast gəlinir. Bu da sığorta şirkəti üçün başqa bir problem yaradır. Çünki şirkətin həmin malları sığotalaması üçün mütləq şəkildə rəsmi uçot və hesabat sistemi olmalıdır. Hadisə zamanı sığorta şirkəti binanın içərisində neçə manatlıq malın zərər gördüyünü müəyyənələşdirə bilmir”.
Eləcə də bax: “EuroHome”da malları yanan sahibkar: Bazarın yarısının - SIĞORTASI YOXDUR
“Fövqəladə Hallar Nazirliyi üçün məsuliyyət yarana bilər”
Onun sözlərinə görə, bu cür obyektlərin əksəriyyətində bir çıxarış olur. Ticarət mərkəzlərindəki ayrı-ayrı mağazalarla heç icarə müqaviləsi bağlanmır. Bəzi hallarda iri şirkətlər ticarət mərkəzini rəsmi müqavilə bağlamağa məcbur edirlər. Əksər hallarda çoxu qeyri-rəsmi işləyir. Bu baxımdan sahibkar istəsə belə, rəsmi müqaviləsi olmadığından, sığorta müqaviləsi bağlaya bilmir. Əgər orada müəyyən olunsa ki, ərazi sığortalanmayıb və Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzi barədə tədbir görməyib, bu halda nazirliyin də məsuliyyəti yaranır. Əgər sığorta müqaviləsi aşağı məbləğə bağlanıbsa, burada sahibkar özü günahkardır”.
X.Məmmədxanlı yanğının qəsd olma ehtimalını istisna etməyib:
“Əlimizdə hər hansı fakt olmadan konret fikir yürütmək doğru deyil. Amma aparılan müşahidələr, hətta bəzi sahibkarların fikirləri bunu istisna etmir. Mənə verilən məlumata görə, “EuroHome”dakı sahibkarlardan biri hələ bir həftə əvvəl “eşitmişəm bura yanacaq” deyərək, mallarını oradan çıxarmağa başlamışdı. İndi bilmirəm bu, intuisiya olub, yuxudamı görmüşdü, yoxsa hansısa məlumat əsasında bu addımı atmışdı. Ümumilikdə təəssüflər olsun ki, zaman-zaman Azərbaycanda belə hallar müşahidə olunub. Hətta bəzən sahibkarların özü də yanğının törədilməsində maraqlı olurlar. Bu zaman anbardakı qalıqlarını itirirlər, borclarını, xərclərini bu yolla təmizləmək istəyirlər. Yəni bir növ müflis olmuş kimi borclardan yaxa qurtarmağa çalışırlar. Amma “EuroHome”da konkret motivin nə olduğu bilinmir. Ümid edirəm ki, bu, qəsdən törədilmiş bir hadisə deyil. Amma sırf kənardan baxan ekspert kimi yanğının ticarət mərkəzinin eyni zamanda bir neçə yerində başlaması və yanğının qısa müddətdə çox geniş əraziyə yayılması bu ehtimalı gündəmə gətirə bilər”.
Rəsmi məlumata görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.