Ötən ilin sentyabrında “Tarqovı”da yanan məşhur “AVVA” mağazasına dəyən zərər üzrə sığorta ödənişi ilə bağlı narazılıq yaranıb.
Eləcə də bax: SOBSAN iri sığorta ödənişi aldı - MƏBLƏĞ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mağazanın sahibi Mahir Əsgərov bildirib ki, yanğın sentyabrın 22-də, Nəsimi rayonu, Nizami küçəsi, bina 81, qapı 5 ünvanında yerləşən geyim dükanında baş verib. Hadisə ilə bağlı sığorta şirkəti tərəfindən yoxlama aparılıb. Fövqəladə Hallar Nazirliyi araşdırma zamanı 140 min manata yaxın zərər dəydiyini təsdiqləyib.
M.Əsgərovun iddiasına görə, yararsız hala düşən mallara dair qaimələri təqdim etsə də, mağazanı sığortalayan “Paşa Sığorta” ASC sığorta ödənişi verməkdən imtina edib: “Mən məhsulları xaricdən gətirməmişəm, ölkə daxilində topdansatışdan alırdım. Şirkətlə müqavilə bağlayarkən bildirilmişdi ki, kağız qaimələr qəbul ediləcək. Amma indi məndən elektron vergi sistemindən hesab faktura tələb edirlər”.
“Qafqazinfo” məsələ ilə bağlı münasibət öyrənmək üçün “Paşa Sığorta”ya müraciət edib. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşa sığorta ödənişindən imtina ilə bağlı heç bir məlumat verilməyib: “Ödənişin həyata keçirilməsi məqsədilə zərərçəkmiş əmtəənin dəyərini və sığortalıya məxsusluğunu təsdiq edən rəsmi sənədləri şirkətimizə təqdim etməsi haqda sığortalıya bildiriş göndərilib. Lakin sənədlərlə bağlı sığortalıdan geridönüş olmayıb. Qeyd etmək istərdik ki, sorğu olunan sənədlər qanunvericiliyin və eyni zamanda sığorta müqaviləsinin tələbidir”.
“AVVA” mağazalar şəbəkəsini sığortaya cəlb edən, “Paşa Sığorta”nın Sumqayıt nümayəndəliyinin direktoru Rəhman Dadaşov saytımıza açıqlamasında bildirib ki, müqavilə imzalanarkən vətəndaşdan sığorta ödənişi edilərkən elektron qaimə tələb ediləcəyi bildirilməyib: “Orada deyilib ki, qaimə, qəbzlər, malların siyahısı, “nakladnoy” istəniləcək. Kağız qaimə də qəbul olunur. Orada elektron, ya da kağız məsələsi olmayıb, sadəcə möhürlü olması deyilib”.