Cari ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan FED.az-a verilən məlumata görə, bunlardan 13 427 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 666 001 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31% artım, sığorta haqlarının məbləğində isə 28% artım müşahidə edilib.
1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.