Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası nəticəsində ölkənin sığorta sektorunda yeni mexanizmlərin tətbiqi ilə yanaşı, yeni sığorta növlərinin də yaradılması nəzərdə tutulub.
Eləcə də bax:Azərbaycanın sığorta sektorunda - ƏMƏK HAQLARI AÇIQLANDI – MƏBLƏĞLƏR
Bunu Maliyyə Bazalarına Nəzarət Palatasının (Palata) Sığorta Fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinov bildirib.
"Belə ki, həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün, Sığorta agentlərinin peşə məsuliyyətinin sığortası növünün, Tikinti-inşaat zamanı tikinti aparan şəxslərin mülki məsuliyyətinin icbari sığortası növünün və saxlanc yerlərinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün formalaşdırılması nəzərdə tutulub", - F.Ağaşirinov qeyd edib.
Onun sözlərinə görə, sığorta sektorunun inkişaf etdirilməsi ilə bağlı sığorta sektorunda yeni mexanizmlər də tətbiq olunacaq: "Bu yeni mexanizmlərə misal olaraq kənd təsərrüfatı sığortası mexanizmini, müştərək sığorta mexanizmini, mikro sığorta mexanizmini, sığortalıların elektron mərkəzi məlumat sistemini, könüllü sığorta növləri üzrə qarantiya mexanizmini və s. qeyd etmək olar".