Tekstil sənayesi üzrə ixtisaslaşan Mingəçevir Sənaye Parkındakı iplik istehsalı müəssisələrində bu günədək 272 milyon manatdan çox məhsul istehsal edilib.
"Gömrük bəyannaməsi ixracatçılara böyük əngəl yaradır"
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Bildirilib ki, məhsulun 234 milyon manatlıq hissəsi, yəni 86 faizi ixrac olunub.
“Belə ki, əgər 2022-ci ildə Sənaye Parkında 57 milyon manatdan çox məhsul istehsal edilmişdirsə, 2023-cü ildə isə 58 milyon manatdan artıq məhsul istehsal edilib. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı ilə Türkiyə, Ukrayna, Rusiya, Portuqaliya, Polşa, Pakistan və s. ölkələrə satılıb. İstehsal prosesində Almaniya, İsveçrə və Yaponiya və Türkiyə texnologiyalarından istifadə edilir. Müasir texnologiya məhsulun yüksək keyfiyyətdə olmasını təmin edir və ixrac imkanını artırır. İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb. Mingəçevir Sənaye Parkında da ölkədə mövcud digər sənaye parklarında olduğu kimi sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və investorlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur”, - deyə məlumatda bildirilir.
Əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən sahibkarlara dəstək 3 istiqamətdə aparılır. Təşkilati dəstəyin göstərilməsi (buraya “Bir pəncərə” sisteminin tətbiq edilməsi; Texniki şərtlərin, xüsusi icazələrin və lisenziyaların alınması; Məsləhət və təlim xidmətləri; Yerli hakimiyyət orqanları və iş adamları ilə görüşlərin təşkili), infrastruktur dəstəyi (sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber optik xətlərlə təmin edilirlər), vergi və gömrük güzəştlərinin tətbiq edilməsi (sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar) dəstəyi. (Azərtac)