Hazırda süni intellektdən bütün sahələrdə, sənaye və istehsalat müəssisələrində geniş istifadə olunur. Sənayedə süni intellektin tətbiqi Chat-gpt-dən məsləhət almaq kimi sadə deyil. İstehsal müəssisələrində süni intellektin tətbiqi - istehsal və emal proseslərini sadələşdirməyə, daha optimal texnoloji həllər tapmağa və son nəticədə işləri daha səmərəli və az xərclə həyata keçirməyə imkan verir.
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu - DAVAM ETDİRİR
Sənaye sahələrində süni intellekt Azərbaycanda da tətbiq olunmağa başlayıb. Belə şirkətlərdən biri “Azərsun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərən yağ zavodu - “Bakı Qida və Yağ Fabriki” MMC-dir.
“Bakı Qida və Yağ Fabriki” MMC-nin istehsalat şöbəsinin müdiri Samir Əhmədov FED.az biznes və maliyyə xəbərləri portalına müsahibəsində şirkətdə süni intellektin necə tətbiq edildiyini açıqlayıb:
- Samir müəllim, «Azərsun Holdinq» Azərbaycanda istehsal və emal sənayesində ənənəvi olaraq böyük təcrübəyə malik şirkət sayılır. Ona görə də süni intellektin tətbiqi ilə bağlı Holdinqin təcrübəsi digər şirkətlərə və sahibkarlara da maraqlıdır. Bax sizin müəssisədə - “Bakı Qida və Yağ Fabriki” MMC süni intellekt hansı sahələrə və proseslərə tətbiq edilir?
- Əvvəlcə qeyd edim ki, hazırda tədqiq etdiyimiz MES (Manufacturing Execution System – İstehsalatın İdarə Edilməsi Sistemi) platformasının öz süni intellekt modulu var və artıq istifadəyə verilib. Düzdür, sistem hələ tam gücü ilə fəaliyyət göstərməsə də, ilkin mərhələdə işə salınıb və pilot testlər aparılıb.
Hazırda istehsalat prosesində daxil edilən məlumatların rəqəmsal mühitdə təhlil edilməsi, eləcə də hər hansı problem yarandıqda onun texniki komandalar tərəfindən araşdırılması istiqamətində işlər davam etdirilir. Bu sistem bizə həm istehsalatla bağlı müxtəlif təhlillər aparmağa, həm də proseslərdə yarana biləcək texniki və təşkilati çatışmazlıqları müəyyənləşdirməyə kömək edir. Hələlik süni intellektdən bu istiqamətdə istifadə edirik.
- Süni intellektin tətbiqi şirkətinizdə nələri dəyişib? Əsaslı dəyişikliklər hansı sahələrdə özünü göstərib?
- Qeyd etdiyim kimi, hələlik pilot mərhələdəyik. Bununla belə, ümid edirik ki, gələcəkdə bu texnologiya istehsalat proseslərimizin daha səmərəli təşkilinə və resurslardan daha effektiv istifadəyə imkan yaradacaq.
MES sistemində istifadə etdiyimiz OEE (Overall Equipment Effectiveness – Avadanlıqların Ümumi Effektivliyi) adlı göstərici var. Bu göstərici avadanlıqların və istehsalat xətlərinin nə dərəcədə səmərəli istifadə olunduğunu müəyyənləşdirir. Süni intellektin tətbiqinin məhz bu göstəricinin yaxşılaşdırılmasına kömək edəcəyini gözləyirik.
- Bəs Süni İntellektdən istifadə xərclərin azaldılmasına təsir edibmi? Sahibkarları maraqlandıran əsas məqamlaran biri də budur.
- Hələlik pilot mərhələdə olduğumuza görə, xərclərin azaldılması üzrə konkret dəyişiklik müşahidə etmirik. Lakin sistemin avadanlıqlardan və istehsalat xətlərindən daha səmərəli istifadəyə imkan yaradacağı təqdirdə, düşünürük ki, bu, xərclərin də azalmasına müsbət təsir göstərəcək.
- Süni intellektlə bağlı səsləndirilən əsas risklərdən biri də onun işçilərin ixtisarına səbəb olması ilə bağlıdır. Bildiyiniz kimi, artıq indidən dünyada süni intellektin tətbiqi bəzi şirkətlərdə minlərlə iş yerlərinin azalmasına səbəb olur. Sizin şirkətdə və müəssisədə belə bir hal varmı və ya Süni intellektin tətbiqi ilə gələcəkdə gözlənilirmi?
- Baxın, hazırda bizim müəssisəmizdə (“Bakı Qida və Yağ Fabriki” MMC – FED.az) 650 nəfər işçi çalışır. Təmsil etdiyim müəssisə ilə bağlı deyə bilərəm ki, belə bir hal – işçilərin ixtisarı gözlənilmir. Çünki mən süni intellekti, ilk növbədə, bir alət və köməkçi kimi qiymətləndirirəm. Düşünürəm ki, əməkdaşların süni intellektdən istifadə bacarıqlarının artırılması ilə onları bu texnologiyaya uyğun istiqamətləndirmək mümkün olacaq. Beləliklə, insanlar süni intellektlə vəhdət şəklində çalışacaq, onu bir vasitə kimi qəbul edərək işlərində istifadə edəcəklər.
Süni intellekt hər gün inkişaf edir və mükəmməlliyə doğru irəliləyir. Bununla belə, hesab edirəm ki, istənilən halda insan müdaxiləsi və nəzarəti mütləqdir.
- Samir müəllim, yeni məhsullarla bağlı - üzərində işlədiyiniz yeniliklər varmı?
- Əlbəttə, mütəmadi olaraq yeni müştərilərimiz olur və onlara yeni məhsullar təqdim edirik. Məsələn, bu yaxınlarda yeni çips istehsalı ilə bağlı bir müştəriyə ketçup tədarük etmişik.
Bundan başqa, mövcud məhsullarımızın keyfiyyətini və digər parametrlərini də daim təkmilləşdiririk. Məqsədimiz məhsullarımızı daha da inkişaf etdirmək və bazara daha keyfiyyətli məhsullar təqdim etməkdir.
- Müsahibəyə görə təşəkkür edirəm.





![“Azərsun Holdinq” süni intellekt tətbiq edib: “İstehsalda xərcləri azaldacaq” –[red] MÜSAHİBƏ + FOTO[/red] | FED.az](/upload/news/small/2336319.png)
![“Azərsun Holdinq” süni intellekt tətbiq edib: “İstehsalda xərcləri azaldacaq” –[red] MÜSAHİBƏ + FOTO[/red] | FED.az](/upload/news/small/3840770.png)








