Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası zamanı ən sürətlə inkişaf edən sahələrdən biri tibbi maska istehsalı oldu.
Azərbaycanda tibbi maska istehsalı - 86% ARTIB- ANBARLARDA 6 MİLYON ƏDƏD MASKA YIĞILIB
FED.az xəbər verir ki, maskadan istifadə etmək tələbi nəticəsində ölkədə maskaya tələbat kəskin artıb və onun ölkədə istehsalı da təşkil edilib. Amma indi koronavirus psndemiyası və maska tələbi ləğv ediləndən sonra maskaya tələbat kəskin azalıb və istehsalçı çətinliklərlə üzləşib.
2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1,3 milyon ədəd tibbi maska istehsal edilib.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 0,6 milyon ədəd və ya 86% artıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında 0,7 milyon ədəd maska istehsal olunmuşdu.
Maska istehsalının artması ilə yanaşı, anbarlarda qalan maskaların həcmi də artır. Belə ki, 1 iyun 2024-cü il vəziyyətinə anbarlarda hazır məhsul ehtiyatı 6 milyon ədəd olub. Hazır məhsul ehtiyatı da bir il əvvələ nisbətən 0,4 milyon ədəd artıb. Belə ki, 1 iyun 2023-cü il vəziyyətinə ölkədə 5,6 milyon ədəd hazır maska ehtiyatı olub.
Azərbaycanda istehsal olunan maskaların satışının zəmfləməsi və istehsalın böyük hissəsinin anbarlarla qalması Koronavirus pandemiyasından sonra maska tələbinin ləğvindən sonra müşahidə edilməyə başlayıb.
Maskaların satışının azalması və anbarlarda qalması Azərbaycanda maska istehsalı ilə məşğul olan yeganə müəssisə olan “Bakı Tekstil Fabriki”nin vəziyyətinə də mənfi təsir edib.
Xatırladaq ki, ölkədə maskaya böyük tələbat yaranan dövrdə “Bakı Tekstil Fabriki”nin maska istehsalı müəssisəsi işə başlayıb, müəssisənin açılışında prezident İlham Əliyev də iştirak etmişdi.
İndi isə müəssənin rəhbəri Səkinə Babayeva FED.az-a bildirib ki, müəssisə əvvəlki illərlə müqayisədə hazırda maska istehsalını kəskin azaldıb: «Biz hazırda sifariş əsasında günə ancaq 150 min ədəd maska istehsal edirik».
Statistika Komitəsinin açıqladığı hesabatda anbarlarda qalan 6 milyon ədəd maska da məhz “Bakı Tekstil Fabriki”nin istehsal etdiyi maskalardır. Fabrikin istehsal etdiyi maskalar daxili bazarda çox az satılır, xaricə də ixrac edilmir.
Yaranmış vəziyyətdən narazılığını gizlətməyən S.Babayevanın sözlərinə görə, hazırda Azərbaycanda daxili bazarda ən çox satılan xaricdən idxal edilən maskalardır. Şirkət rəhbərinin sözlərinə görə bunun səbəbi xaricdən gətirilən maskaların daha ucuz başa gəlməsidir. Belə ki, “Bakı Tekstil Fabriki”inin istehsal etdyi maskalrın satış qiyməti 11 qəpiyə, xaricdən idxal edilən maskaların satış qiyməti isə 7 qəpiyə baş gəlir: «Lakin bizim qiymətə müəyyən ödənişlərin, vergilərin də təsiri var».
Bahalı xammalların və maskaların anbarlarda yığılması, işçi, avadanlıq xərcləri və digər xərclər şirkətin maliyyə durumuna mənfi təsir edib.
Səkinə Babayevanın sözlərinə görə fabrikin hazırda təqribən 4,2 milyon manat zərəri var. Bunun da əsas səbəbi bəzi dövlət qurumlarının üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, daha dəqiqi əvvəlcədən deyilən qədər maska almamasıdır: «Həmin vaxt maska tələbatının ödənilməsi üçün ölkəyə belə bir müəssisə tələb olunurdu, biz də bunu öz üzərimizə götürdük. Müəssisə yaradılanda dövlət qurumları ilə razılaşmamız belə oldu ki, bizdən ümumilikdə 340 milyon ədəd maska alınacaq, amma cəmi 5 milyon maska aldılar, sonra bu bu həcm daha da azaldı».
Sahibkarın sözlərinə görə, çətin dövrdə dövlətin çağırışına səs verərək istehsal təşkil edən biznesə dövlət qurumları dəstək verməli idilər. Bunlardan biri də müəssisədən maska alınması idi: «Maska tenderlərində bizdən mal almadılar, başqa satıcılardan aldılar, ya xaricdən gətirilən, ya da burada başqa ehtiyatlardan qalan maskalar alındı». Bu vəziyyətdə şirkət maskaları 50-10 min ədədlik partiyalarla apteklərə satmağa çalışır: «Bizə vəd olunanları ayrı-ayrı məmurlara xatırladanda «həmin vaxt mən burda olmamışam» və sair kimi sözlər eşidirik».
İş adamı bildirir ki, bununla bağlı dəfələrlə TƏBİB-ə müraiət edilsə də, məsələ həll olunmadı.
Fabrik yaradılarkən razılaşdırılan məsələlərdən biri də maska istehsalı üçün xaricdən gətiriən xammal və materialların gömrük rüsumundan azad edilməsi idi: «Belə razılaşmışdıq ki, xaricdən gətirilən materiallar gömrük rüsumlarından azad edilsin. Əvvəllər belə də oldu, biz gətirdiyimiz materiallara görə rüsum və vergi ödəmədik, amma 2 ildən sonra Heablama Palatası Gömrük Komitəsində gömrükdə yoxlama aparılanda bu vəziyyət pozuntu kimi qiymətləndirildi və həmin gömrük rüsumları bizdən tutuldu və bizə cərimə yazıldı».
Səkinə Babayeva bildirir ki, bu vəziyyət – cərimələrin yazılması indiyədək davam edir: «Bir neçə gün əvvəl bizə neçə il əvvəl 2 TIR maşını malımıza görə daha 70 min manat cərimə gəldi. Bank hesablarımız bağlandı, məcbur qalıb ödədik».
İş adamı həmin dövrdə gömrükdən ölkəyə malların keçirilməsi zamaı materialların qiymətinin süni şəkildə artırıldığını da bildirir. «12 dollarlıq materiala 51 dollar qiymət qoyuldu və buna uyğun ƏDV də kəskin artdı».
İş adamının sözlərinə görə, istehsal olunan artıq maskanı xaricə satmaq da mümkün olmayıb, baxmayaraq ki, həmin vaxt Azərbaycandan maska almaq istəyənlər çox olub: «Özbəkistan, Macarıstan, Braziliya, Meksika, Almaniyanın özü bizdən böyük həcmdə maska istəyirdi. Bununla bağlı bizə daxil olan məhsulları dövlət qurumlarına da göndərirdim, amma bizə maskanı xaricə satmağı qadağan etdilər, bu barədə qərar da qəbul olundu, çünki ölkəyə lazım idi, amma sonra da almadılar».
Səkinə Babayeva bildirir ki, maskaların satılması ilə bağlı TƏBİB-in o vaxtkı rəhbərliyinə müraciətindən sonra onu «Avromed» şirkətinə yönəldiblər, həmin şirkət isə 5 milyon maska aldıqdan sonra maskaların bahalığını əsas gətirərək almaqdan imtina edib.
Onun sözlərinə görə, müəssisə maskanın 1 ədədini 20 qəpiyə satdığı halda, satış şirkətləri maskaları xaricdən alaraq dövlət subsidiyaları hesabına daha ucuz qiymətə dövlət qurumlarına satırmış.
Hətta S.Babayeva iddia edir ki, bəzi hallarda müxtəlif şəxslər İran və Çindən maskaları ölkəyə başqa mallar adı ilə, məsələn corablar kimi, rəsmiləşdirərək gətirirmişlər: «Biz bu hallar barədə məlumatları lap fotoşəkillərlə dövlət qurumlarına təqdim etdik ki, tədbir görülsün, faydası olmadı».
Oxşar vəziyyət indi də davam edir: «Bizim yerli maska istehsalımız olduğu halda, zavod fəaliyyətini dayandırmış vəziyyətdə olduğu halda, ötən il dövlət qurumları 55 milyon maska alıblar, bu niyə tənzimlənmir?».
Sahibkarın sözlərinə görə, maskaya tələbat azalandan sonra şirkət həmin istehsalın sahəsini dəyişmək istəsə də, bunu etmək mümkün olmayıb.
Hazırda hər ehtimala qarşı anbarlarda 5-10 milyon ədəd maska ehtiyatı saxlanılır ki, koronavirus kimi hadisə yenə baş versə, əldə lazımi sayda maska olsun.
Bundan başqa, müəsssədə 1 milyon maska istehsalı üçün ayrıca xammal da saxlanılır. «Buna görə biz dövlət tərəfindən dəstək gözləyirik, lakin hələ də bizə lazımi dəstək göstərilmir. Ona görə mövcud çətinliklərdən öz gücümüz hesabına çıxmağa çalışırıq. Hətta maska istehsalında çalışan bəzi işçilərimizi şirkətimiz daxilində başqa peşələrə yönləndirməyə çalışırıq. Maska istehsalı üçün 9 avadanlıqdan 3-nü saxlayıb, 6-sını başqa sahəyə keçirməyə çalışırıq».
Hələliksə, Səkinə Babayevanın sözlərinə görə, şirkət böyük zərəri öz gücünə qapamağa çalışır: «Ailəm və mən 4,2 milyon manat zərəri ödəməklə məşğuluq».