Banqladeş SOCAR-la neft tədarükü müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud bildirib.
Nazirin sözlərinə görə, Banqladeş enerji təhlükəsizliyini gücləndirmək və təchizat mənbələrini şaxələndirmək üçün yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirir.
“Biz SOCAR ilə neft məhsullarının alınmasına dair müqavilə imzalamışıq. Eyni zamanda, LNG tədarükü məsələsini də müzakirə edirik”, - deyə o qeyd edib.
İ. H. Mahmud bildirib ki, ölkədə təbii qaz hasilatı daxili tələbatı tam ödəmədiyi üçün Banqladeş LNG idxalını artırmağa məcburdur. Onun sözlərinə görə, qlobal bazarlarda LNG qiymətlərinin yüksəlməsi dövlət büdcəsinə əlavə yük yaradır.
Nazir əlavə edib ki, Banqladeş 2030-cu ilədək 10 min MVt günəş enerjisi gücü yaratmağı hədəfləyir. Bu, enerji idxalından asılılığın və subsidiyalara olan təzyiqin azaldılmasına kömək etməlidir. (Apa)













