Qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlının cinayət işi üzrə məhkəmə başlayıb.
Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu - VİDEO
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyunun 11-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin noyabr ayında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.
Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başladılıb və təqsirləndirilən şəxslərə 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 244-1.2.2-ci ( Qumar oyunlarının təşkili və ya keçirilməsi, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan olunub. (Apa)













