Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ölkədə mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib.
FED.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni dövlət standartlarının qəbulu uşaq masa və çarpayılarının təhlükəsizliyinin təmin edilməsi, mebel istehsalında istifadə olunan dəri və tekstil məhsulların keyfiyyətinin artırılması, eləcə də bu sahədə tələblərin beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.
Dövlətlərarası və Avropa standartları əsasında hazırlanan bu dövlət standartları daxili uzunluğu 900-1400 mm ölçüdə olan və məişətdə istifadə üçün nəzərdə tutulan uşaq çarpayılarına dair təhlükəsizlik tələblərini, köməksiz otura bilən, çəkisi 15 kq-a qədər uşaqlar üçün nəzərdə tutulan masalara quraşdırılan stullara dair təhlükəsizlik tələblərini və sınaq üsullarını, kimyəvi saplardan və ipliklərdən, təmiz kətan, yarı kətan, yarı yun, pambıq və mebel üzlükləri üçün nəzərdə tutulan qarışıq parçalardan hazırlanan hazır mebel parçalarını və iribuynuzlu mal-qara dərisindən hazırlanan və mebel istehsalında istifadə olunan dəri üçün ümumi texniki şərtləri müəyyən edir.
Qeyd edək ki, sözügedən dövlət standartı layihələri Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində təsis edilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.













