Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" şirkətinin baş direktoru Ola Kallenius "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər iqtisadi cəhətdən sərfəli olduğu sübut olunarsa, şirkət hərbi sahədə istehsalına keçməyə hazırdır .
"Dünya daha gözlənilməz bir yerə çevrilib və düşünürəm ki, Avropanın müdafiə qabiliyyətlərini artırması lazım olduğu aydındır. Əgər bunda müsbət rol oynamaq imkanımız varsa, bunu etməyə hazır olacağıq", - deyə o bildirib.
FED.az xəbər verir ki, Kalleniusun açıqlaması uzun illərdir ki, durğunluq yaşayan Almaniya istehsal sektorunun özünü yenidən istiqamətləndirməyə və Qərbin müdafiə arsenalında əsas oyunçu olmağa çalışması ilə bağlıdır.
"Mercedes-Benz" bu məsələdə tək deyil, "Volkswagen" şirkəti də hazırda boş istehsal güclərindən istifadə etmək üçün 2027-ci ilə qədər İsrailin Dəmir Günbəz raketdən müdafiə sistemi üçün komponentlər istehsal etmək üçün İsrail şirkətləri ilə danışıqlar aparır.
"Mercedes" indi də müdafiə sənayesində əhəmiyyətli rol oynayır. 2021-ci ildə lüks avtomobil istehsalçısı yük maşını bölməsini ayıraraq ən böyük səhmdarı olaraq qalır; bu bölmə hərbi məqsədlə istifadə olunan böyük yük maşınları istehsal edir. "Mercedes" həmçinin uzun müddətdir ki, "G-Class" SUV-lərinin variantlarını dünya miqyasında hərbi nəqliyyat vasitələri kimi təklif edir.
Şirkət rəhbəri bildirib ki, Mercedes-in böyük avtomobil istehsalçısı kimi özünəməxsus güclü tərəfləri şirkətin hərbi texnika sektorunda daha aktiv olmasına kömək edə bilər.













