Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq - FOTOLAR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb: “Hazırkı layihələrlə Sənaye Parkında ümumilikdə 2 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb".
O əlavə edib ki, hər iki sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir: “Bu ilin birinci yarımilliyində Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 68 milyon manat olan 9 layihənin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 42,7 milyon manat olan 6 layihənin rezidentliyi təsdiqlənib. Hazırda da Agentlik tərəfindən bir sıra investisiya layihələrinə baxılır". (Report)