“İnstitusional investorların bank olmayan kredit təşkilatlarının (BOKT) istiqrazlarına və kiçik həcmli qiymətli kağız emissiyalarına marağını məhdudlaşdıran əsas amillərdən biri emissiyanın həcmi və investisiya cəlbediciliyidir”.
İlk dəfə istiqraz buraxan BOKT nələri bilməlidir? - PAŞA KAPİTAL DİREKTORUNDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş icraçı direktoru İsi Mustafayev Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, institusional investorlar hər hansı qiymətli kağıza investisiya etməzdən əvvəl müəyyən qiymətləndirmə prosesindən keçirlər:
“Bu prosesə qiymətli kağızın təhlili, qiymətləndirilməsi, investisiya komitəsinə təqdim olunması və müvafiq qərarın qəbul edilməsi daxildir. Proses istər 1 milyon manatlıq, istərsə də 15–20 milyon manatlıq emissiya üçün, demək olar ki, eyni vaxt və əmək resursu tələb edir. Bu səbəbdən institusional investorlar daha iri həcmli investisiyalara üstünlük verirlər. Çünki 1 milyon manatlıq qiymətli kağızın təhlilinə sərf olunan resursla 15 milyon manatlıq qiymətli kağızın təhlilinə sərf olunan resurs arasında ciddi fərq yoxdur”.
İsi Mustafayev bildirib ki, institusional investorların qərarlarına təsir edən digər mühüm amil faiz dərəcəsidir:
“Bəzi emitentlər investorların marağını artırmaq üçün daha yüksək faiz dərəcəsi təklif etməyi çıxış yolu kimi görürlər. Lakin institusional investorlar üçün yüksək faiz dərəcəsi heç də həmişə investisiya cəlbediciliyi demək deyil. Əksinə, faiz dərəcəsinin yüksək olması emitentin kredit riskinin də yüksək olduğu barədə təsəvvür yarada və investorun həmin qiymətli kağıza daha ehtiyatla yanaşmasına səbəb ola bilər. Bu baxımdan, əsas məsələlərdən biri məlumatların şəffaflığıdır. Emitent və ya BOKT öz maliyyə və əməliyyat göstəriciləri barədə məlumatları investorlarla şəffaf şəkildə bölüşdükdə və investor həmin məlumatları hərtərəfli qiymətləndirə bildikdə investisiya qərarının qəbulu asanlaşır. Hər bir institusional investorun öz risk və gəlirlilik meyarları mövcuddur. Təhlil nəticəsində təklif olunan gəlirliliyin kredit riskini adekvat şəkildə kompensasiya etdiyi müəyyən edilərsə, həmin qiymətli kağız investor üçün cəlbedici ola bilər”.
Baş icraçı direktor əlavə edib ki, zəmanət mexanizmləri, o cümlədən bank zəmanətlərinin qarantiyasının mövcudluğu da institusional investorların investisiya qərarlarına təsir göstərən amillərdəndir.
Onun sözlərinə görə, BOKT-ların institusional investorlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində artıq müəyyən addımlar atılır:
“Hazırda bəzi bank olmayan kredit təşkilatları yalnız kiçik həcmli emissiyalarla kifayətlənmir, daha iri həcmli baza emissiya prospektlərini qeydiyyatdan keçirməyə başlayırlar. Baza emissiya prospektinin qeydiyyata alınması institusional investorlarla aparılan müzakirələrdə emitentin təkcə 1 milyon manatlıq istiqraz buraxılışı deyil, müəyyən dövr ərzində ümumilikdə 10–15 milyon manat həcmində qiymətli kağız emissiyası həyata keçirmək potensialını nümayiş etdirməyə imkan verir. Beləliklə, institusional investor qiymətləndirməni yalnız 1 milyon manatlıq ayrıca emissiya əsasında deyil, 10–20 milyon manatlıq baza emissiya prospektinin təqdim etdiyi daha geniş investisiya imkanları çərçivəsində apara bilir”, – deyə İsi Mustafayev vurğulayıb.














