Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunda gündəlik 300 min kubmetr su istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi istehlakçılar üçün su tariflərinə təsir etməyəcək.
Böyük bank Azərbaycanda dəniz suyunun duzsuzlaşma layihəsinə - 45 milyon dollar ayırıb
FED.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumu çərçivəsində deyib.
O bildirib ki, zavodun tikintisi ilə bağlı Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumla ötən ilin sentyabrında müqavilə imzalanıb.
Hazırda qalib şirkət beynəlxalq maliyyə institutları və banklarla danışıqlar aparır. Maliyyə danışıqlarının bu ilin sonunda və ya gələn ilin birinci rübündə yekunlaşması planlaşdırılır.
“Bankların tələb etdiyi müəyyən təhlillərin aparılması vaxt tələb edir. Maliyyə danışıqları yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq. Zavodun tikintisinin iki il yarım ərzində başa çatdırılması nəzərdə tutulur. Fəaliyyətə başladıqdan sonra isə ‘ACWA Power’ şirkəti zavodu 25 il ərzində idarə edəcək”, – deyə T.Vüsət qeyd edib.
Sektor müdiri vurğulayıb ki, zavodda istehsal olunan su istehlakçılara mövcud tariflərlə təqdim ediləcək.
“Bu, tariflərə təsir etməyəcək. Bu gün hansı su tariflərini ödəyiriksə, həmin zavodda istehsal olunan su da eyni tariflərlə olacaq. Hər hansı fərq yaranarsa, dövlət tərəfindən qarşılanacaq”, – deyə o əlavə edib. (Trend)













