Gəncədə “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu tam rejimdə fəaliyyətə başlayıb.
Azərbaycan sənaye əhəmiyyətli partlayıcılar - İXRAC EDƏCƏK
FED.az xəbər verir ki, iyulun 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları müəssisənin fəaliyyəti ilə tanış olublar.
Dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb. “AzerBlast” MMC-nin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə bu sahə üzrə ixtisaslaşmış özəl şirkət “DM Servis” MMC-yə məxsusdur.
Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin test rejimində istehsalı həyata keçirilir.
15 hektar ərazidə inşa edilən müəssisənin təməli 2023-cü ilin yanvar ayında qoyulub. Layihənin kapital qoyuluşu 11 milyon, ümumi investisiya dəyəri isə 15 milyon manatdır. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir.
İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.
Zavodun tam rejimdə fəaliyyətə başlaması ilə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcək və idxaldan asılılıq aradan qaldırılacaq. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavod yerli tələbat və ixrac potensialı qiymətləndirilməklə illik 14000 ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin - 31500 tona çatdırılması planlaşdırılır.
Zavodun istehsal xəttində Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilib, yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.