Xəbər verdiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Eləcə də bax: “Bu yolla İstanbula qədər, Avropaya qədər gedəcəyik.” - YENİ YOLUN DETALLARI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.
“Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq.
Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib.
Bundan əlavə, “TİKA”-nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir.
Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.