“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Əli Əhmədov ilə növbəti görüşünü keçirib.
FED.az xəbər verir ki, 2-ci “Yüksəliş” layihəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq təşkil edilən görüş ÇİRES-də metal filizlərinin hasilatı, emalı prosesi ilə tanışlıq, idarəetmənin əsas prinsip və xüsusiyyətlərinin, forma və metodlarının real iş şəraitində təcrübədən keçirilməsi məqsədi daşıyıb. Belə ki, müsabiqə qalibi Ə.Əhmədov sözügedən istehsalat sahəsində qızıl və gümüş tərkibli xəlitələrin hazırlanması prosesinin bütün mərhələlərini, o cümlədən qiymətli metal tərkibli filizlərin partladılması, laborator analizi, daşınması, xırdalanması, üyüdülməsi, aşındırılması, adsorbsiya, desorbsiya və elektroliz əməliyyatlarını izləmək imkanı əldə edib. Həmçinin müsabiqə qalibi “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində gördüyü işlərlə tanış olub.
İstehsalat sahəsi ilə tanışlıq zamanı İdarə Heyətinin sədri Z.İbrahimov müsabiqə qalibi ilə mədən layihələrinin hazırlanması, planlama, investisiya qoyuluşları, müvafiq infrastrukturun qurulması və idarə olunması sahəsində təcrübəsini bölüşüb. Bildirilib ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələnin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Qeyd olunub ki, mədənçilik sahəsində əsas investisiyalar məhz bu mərhələdə icra olunan hazırlıq işlərinə yönəldilir ki, nəticədə yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına davamlı töhfələrin verilməsi təmin edilir.
Mentorluq proqramı çərçivəsində ötən dövr ərzində təşkil edilən görüşlərdə aşılanan nəzəri bilik və bacarıqların real iş mühitində tətbiqi istiqamətində yaradılan şəraitə görə təşəkkür edən müsabiqə qalibi Ə.Əhmədov əldə etdiyi istehsalat təcrübəsinin onun şəxsi inkişafı və gələcək karyerası üçün olduqca faydalı olacağını bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.