“İcbari tibbi sığorta sistemində göndərişlər TƏBİB-in tabeliyindəki tibb müəssisələri tərəfindən verilir”.
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta sistemində göndərişlərin verilmə qaydası" mövzusunda çıxışında deyib. O bildirib ki, göndərişlər həm özəl, həm də dövlət tibb müəssisələrinə verilə bilər. O qeyd edib ki, eyni göndərişlə bir neçə həkimə müraciət etmək mümkün deyil: “Əgər kimsə müalicə alırsa, müəyyən səbəblərdən 45 gün ərzində yenidən xəstəxanaya müraciət edə bilər. Göndəriş tibb müəssisəsi tərəfindən 10 gün müddətində verilir. Vətəndaş getdiyi xəstəxanaya göndərişlə yanaşı, şəxsiyyət vəsiqəsini də təqdim etməlidir”.
Agentlik rəsmisinin sözlərinə görə, göndərişlərin verilməsində əsas prinsip var: “Xəstəyə lazım olan tibbi xidmət dövlət tibb müəssisəsində mümkün olmadıqda ona özəl və ya təsərrüfat hesablı tibb müəssisəsinə göndəriş verilir. Bu zaman xəstənin yaşadığı əraziyə yaxın olması nəzərdə tutulur”.
O qeyd edib ki, göndərişin 2 növ var: “Birinci göndəriş ixtisaslı həkim müayinəsi zamanı, digəri stasionar müalicə üçün verilir. Xəstə ilk olaraq ailə həkiminə müraciət etməlidir”. (Apa)