“Son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının (BAQM) laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb”.
Bioloji aktiv qida məhsullarına dair tələblər dəyişir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.
Qeyd edilib ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyədən gətirilir:
“Həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri zamanı Türkiyə Respublikasından ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib.
Bütün bunlar nəzərə alınaraq son illərdə bu sahədə nəzarət və tənzimləmə fəaliyyətləri daha da genişləndirilib. Məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla uyğunluğunun müəyyən edilməsidir.
Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal olunan, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək.
Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır”.