Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
FED.az xəbər verir ki, sənədə əsasən, “Dərman vasitələri haqqında” Qanunda edilən dəyişikliyə görə, bioloji aktiv qida məhsulları – qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsuludur.
Bioloji aktiv qida məhsulları eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.
Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.
“Reklam haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.