Son illərdə BOKT sektorunun dinamikasında əhəmiyyətli canlanma müşahidə edilib.
FED.az bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.
Belə ki, BOKT-lərin kredit portfeli son 3 il ərzində 2 dəfədən çox artaraq 808 mln. manat təşkil edib. Bununla belə, kredit portfelinin yalnız 31%-ni biznes kreditləri təşkil edir ki, bu da bir tərəfdən, mikromaliyyə fəlsəfəsinə uyğun hesab edilmir, digər tərəfdən isə biznes yönümlü BOKT-lərin formalaşdırılması üzrə tənzimləyici çərçivənin gücləndirilməsi zərurətini göstərir.
Bununla belə, 2024-cü ilin sonuna BOKT-lərin biznes kreditlərinin 97%-ni 25 min manata qədər (25 min daxil olmaqla) olan kreditlər təşkil edir ki, bu da BOKT-lərin mikromaliyyələşmə sahəsində yüksək potensialını ifadə edir.
Digər tərəfdən, hazırda regionlardakı filial şəbəkəsinə görə BOKT-lər aparıcı mövqeyə sahibdir. Belə ki, BOKTlərin regionlardakı filial sayı 238 (78%), bankların isə sayı 282 (58%) təşkil edir. Bu göstərici regionlarda fəaliyyət göstərən MKOB-ların maliyyələşdirilməsində BOKT-lərin əhəmiyyətli rola malik olduğunu göstərir.