"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 14 min manat xalis mənfəətlə başa vurub.
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 6 dəfə azdır.
Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 17 min manat, mənfəət vergisi ödəmələri isə 3 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 6,279 milyon manat olub ki, bu da illik müqayisədə 18,9% azdır. Bunun 4,207 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 27,75% kiçilib.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 22,3% azalaraq 5,203 milyon manata düşüb, balans kapitalı isə 2,7% artaraq 1,076 milyon manata çatıb.
Qeyd edək ki, BOKT yaxın vaxtlara qədər "Səba Kredit" adı ilə fəaliyyət göstərib.