Son illər əcnəbi turistlərin Azərbaycana axını xidmət sektoru ilə yanaşı əmlak bazarına da təsir edib. FED.az «Daşınmaz əmlak» jurnalına istinadən xəbər verir ki, ov etmək üçün ölkəmizə gələn və əsasən Şirvan zonasına üz tutan turistlərinin məskunlaşdığı regionlardan biri də İmişlidir.
Bu rayonda əmlakın satış qiymətində ucuzlaşma müşahidə edilir. Əvəzində ov turizmi məqsədilə ərəb turistlərin İmişliyə axını kirayə bazarını canlandırıb. Turistlər üçün nəzərdə tutulan evlərin kirayə qiymətləri 2 dəfədən çox bahalaşıb. Əvvəl 200 manata kirayəyə verilən evin kirayə haqqı indi 500 manata yüksəlib. Turistlər, xüsusilə sahəsi böyük olan evlərə üstünlük verirlər ki, onların da qiyməti bahadır.
İmişlidə əmlak satışı və kirayəsi ilə məşğul olan Pərviz Vəliyev bildirir ki, rayonda kirayə qiymətləri müştərilərdən asılı olaraq dəyişir. Məsələn, ərəb turistləri ov etmək üçün buraya əsasən qış fəslində - noyabr, dekabr, yanvar aylarında gəlirlər. Həmin vaxt kirayə haqları da yüksəlir. Ərəblərə təklif edilən kirayə evlərin aylıq qiymətləri 500 manatdan başlayır:
«İlk baxışdan ayda 500 manat yüksək görünsə də, nəzərə almaq lazımdır ki, turistlərin gedişindən sonra ev sahibləri burada xeyli təmizlik işləri aparmalı olurlar».
Ərəb turistlərə verilən 2-3 otaqlı evlərin aylıq kirayə qiymətləri 500-1200 manat arasında dəyişir. Ovçu qrupu 10 nəfər olanda daha böyük - 5-6 otaqlı ev tutulur.
«Artıq ərəblər üçün konkret evlər ayrılıb. Onlar geniş və hər şəraiti olan evlərdə qalmağa üstünlük verirlər». Evləri turistləri Azərbaycana dəvət edən turizm şirkəti yerli əmlak dəllallarının vasitəsilə seçir.
Ərəblər üzərindən biznes
Ərəb turistlər uzunmüddətli qalmadıqlarından gündəlik ödəniş etməyə üstünlük verirlər. Artıq bu işi öz şəxsi biznesinə çevirənlər də var. Belə ki, ev sahibləri turistlərə görə, günə 60-70 dollar qazana bilirlər.
Bəzi dəllallar isə kirayə biznesini ümumiləşdirib. Belələri bir neçə evi uzun müddətə icarəyə götürərək ev sahibləri ilə kirayə müqaviləsi bağlayır və aylıq 150-200 manat olmaqla, bir neçə illik kirayə haqqını əvvəlcədən ödəyirlər. Sonradan həmin evlər ərəb turistlərinə nisbətən baha variant sayılan günlük kirayəyə verilir.
Şirkətlərin işçiləri də varlı hesab edilir
İmişlidə kirayəyə verilən mənzillər sırasında bina evləri üstünlük təşkil edir. Rayonda evlərin aylıq kirayə haqqı 100 manatdan başlayır. Amma qiymətlər evin yerindən, təmirindən, içindəki avadanlıqlardan asılı olaraq dəyişir. Məsələn, 1 otaqlı boş evlər 100 manata təklif edilir, ev orta təmirli olanda qiymət 120 manata, yaxşı təmirli və avadanlıqları ilə verildikdə qiymət 150 manata yüksəlir.
Ailələr üçün nəzərdə tutulan daha geniş təmirli mənzillər aylıq 200 manata kirayəyə verilir. 3-4 otaqlı həyət evlərini isə 300 manat və daha artıq qiymətə kirayəyə vermək mümkündür.
Naxçıvanda da xizək kurortu tikilir - YENİ LAYİHƏ
İmişlidə kirayə mənzillər bazarına rayondakı biznes və inzibati aktivlik də təsir edir. Məsələ bundadır ki, İmişlidə yüzlərlə işçisi olan Şəkər Zavodu fəaliyyət göstərir. Eyni zamanda hazırda burada “ASAN xidmət” mərkəzi üçün bina inşa edilir və dövlət idarələrinin əməkdaşları rayonda tez-tez ezamiyyətdə olurlar. Başqa regionlardan gəlib həmin iş yerlərində çalışan və ya ezamiyyətə gələn şəxslər üçün qiymətlər nisbətən bahadır. Onlara təklif edilən eyni ölçülü və avadanlıqlı mənzillərin qiymətləri 200 manatdan başlayır. Otaqların sahəsindən və evin şəraitindən asılı olaraq qiymətlər 400 manata qədər dəyişir.
Rayona gələn insanlar nəqliyyat xərclərinin az olması üçün daha çox mərkəzdə və mərkəzə yaxın yerlərdə kirayə qalırlar.
Kirayə aktivliyi satış bazarına təsir etməyib
Kirayə bazarının aktiv olmasına baxmayaraq, bu amil satışlara təsir etməyib. Əmlak satışı ilə məşğul olanlar bildirir ki, son 2 ildə İmişlidə mənzil satışı xeyli geriləyib. Bunu rəsmi məlumatlar da təsdiqləyir. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, 2016-cı ildə İmişlidə 49 mənzil və fərdi ev satılıbsa, 2017-ci ildə bu rəqəm 41-ə enib. 2018-ci ilin ilk 3 ayında isə satılan mənzil və evlərin sayı 12 olub.
Sakinlər əsasən 1 otaqlı mənzillərlə maraqlanırlar. Əmlakçılar deyir ki, İmişlinin mərkəzində 1 otaqlı evlər 13 min manatdan başlayır. Təmirsiz evi 10 min manata da almaq olar. Ancaq bazarda belə evlər çox azdır. Bəzi hallarda 1 otaqlı evlər 14-15 min manata, orta təmirli olduqda 18-20 min manata da təklif edilir.
Tələbatın yüksək olduğu digər variant həyət evləridir. Qiymətlərə evin ətrafında torpaq sahəsinin olması da təsir edir. Məsələn, rayonun mərkəzində 2 otaqlı təmirli həyət evi 38-40 min manatdır. Eyni ərazidə yerləşən 5 mərtəbəli təzə binanın 2-ci mərtəbəsindəki 2 otaqlı 50-60 kvadrat mertlik mənzil isə 25-30 min manata təklif edilir.
Mərkəzdəki təzə binalarda 2 otaqlı təmirsiz mənzillərin qiyməti 23-24 min manat, 3 otaqlı 32-35 min manat, 4 otaqlıların isə 37- 40 min manat arasında dəyişir.
Köhnə binalarda da tikilişindən asılı olaraq qiymətlər fərqlidir. Yataqxana tipli binalarda evlər nisbətən ucuzdur. Onlarda giriş eyvandandır. Həmin 2 mərtəbəli binalar köhnə olduğundan mərkəzdə də olsa ucuz satılır. Qiymətlər belə dəyişir:
1 otaqlı - 7-8 min manat
2 otaqlı – 12 min manat
3 otaqlı – 15 min manat.
Rayonun girişində mərkəzdən kənar ərazilərdə yerləşən binalarda isə qiymət daha ucuzdur. Həmin binalarda su və kanalizasiya sistemləri olmadığına görə, belə binalarda 2 otaqlı mənzillər 5-6 min manata satılır.
Torpaqların qiyməti 9 min manata çatır
İmişlidə torpaq qiymətləri də yerindən asılı olaraq dəyişir. Əmlakçılar 2 il əvvəllə müqayisədə qiymətlərin bir qədər azaldığını bildirirlər. Amma bəzi ərazilərdə qiymətlər xeyli yüksəkdir. Rayonun mərkəzində Heydər Əliyev prospektində torpağın 1 sotu 9 min manat, mərkəzə yaxın ərazilərdə isə 4-5 min manatdır. Məşədi Əzizbəyov, Qara Qarayev küçələrində torpaq qiymətləri 2500-3000 manat arasında dəyişir.
Rayonun ətrafındakı ərazilərdə isə sotunu 1000 manata, bəzi hallarda 700-800 manata da almaq mümkündür. Rayonda vaxtilə sututarı olan, indi “Çala” adlanan ərazidə də həyat canlanıb. Burada torpaqla doldurularaq tikinti üçün yararlı hala gətirilən torpaqların sotu 400-500 manata, yeri doldurulmayan ərazilər isə 300 manata satılır.
Kəndlərdə isə qiymətlər daha ucuzdur. Məsələn, rayondan 10 kilometr uzaqlıqda yerləşən Şahverdilər kəndində 1 hektar yeri sahibi 20 min manata təklif edir, yəni sotu 200 manata.
Kommersiya obyektlərinin qiyməti 400 manatdan başlayır
İmişlinin əmlak bazarı ilə məşğul olan şəxslərin sözlərinə görə, burada kommersiya obyektlərinə tələbat yüksək deyil. Bunun əsas səbəblərindən biri həyət evlərində yaşayan sakinlərin öz həyətlərində obyekt tikmək imkanının olmasıdır. Yəni, ticarət və ya xidmət sahəsində çalışmaq istəyən sakinlər öz həyətlərində kiçik obyektlər tikə bildiklərinə görə, obyekti satın almağa maraq göstərmirlər.
Buna baxmayaraq rayonun mərkəzində kommersiya obyektlərinin sabit qiyməti formalaşıb. Qiymətlər rayonun ayrı-ayrı əraziləri üçün fərqlidir. Belə ki, mərkəzdən bir qədər kənarlarda komersiya obyektlərinin kvadratmetrinin qiyməti 400-500 manat arasındadır. Mərkəzə yaxınlaşdıqca qiymətlər yüksəlir. Şəhərin mərəzi küçələrində obyektlərinin 1 m2-nin qiyməti 800-900 manat arasında dəyişir.
Ən bahalı obyektlər isə şəhərdəki bazar ərazisindədir. Burada bir kommersiya sahələrinin 1 kvadratmetri 1200-1300 manata təklif olunur. Əmlak bazarında çalışanlar bildirir ki, hazırda bazar ərazisində 62 m2-lik obyekt 82 min manata təklif edilir. Baha olmasına baxmayaraq gəlirli olduğuna görə, belə obyektlər tezliklə satılır.