Hazırda Azərbaycanın əksər turizm bölgələrindəki istirahət mərkəzləri “qaynayır”. Bu istirahət məkanları xarici turistlərin hesabına necə deyərlər, qaz vurub qazan doldurular. İş o yerə çatıb ki, yerli turistlər kirayə evlər, hotellərdə boş nömrələr tapmaqda çətinlik çəkirlər. Müştəri çoxluğu həmçinin xidmət sahəsindəki nöqsanları də ortaya çıxarıb. Tələbatın artması qiymətlərin yüksəlməsinə təsir etməklə yanaşı, turistlərin aldadılması hallarına da yol açıb. Bəzi regionlardakı iaşə obyektlərində, restoranlarda yerli və əcnəbi turistlərə elə qiymətlər oxuyurlar ki, ora getdiyinə peşman olursan.
Bu cür halların qarşısı alına bilərmi? İstehlakçılar süni qiymət artımı ilə necə mübarizə aparmalıdır?
“5 manata satılan xidmətin 1 manatlıq dəyəri yoxdur”
FED.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, ilk növbədə turizm obyektlərinin reyestr məsələsi ortalığa qoyulmalıdır:
“Yəni monitorinqlər aparılmalıdır. Bu zaman həmin yüksək qiymətə satılan malların keyfiyyətə uyğun olmadığı müəyyən edilərsə, o vaxt iradlar tutulur və iddialar verilir. 5 manata satılan xidmətin heç 1 manatlıq dəyəri yoxdur. Belə olan halda bu, qeyd olunur və ictimailəşdirilir. Təəssüf ki, bizdə həm turizm şirkəti, həm də otellərin dəqiq siyahısı yoxdur. Lisenziyanın ləğvindən sonra bu məsələlərdə problemlər yaranıb. Ona görə də bu sahədə mütləq nəzarət mexanizmi olmalıdır. Töviyələr, məsləhətlər verilməlidir. O insanlar idarəçiliyi, menecmenti zəif bildiyinə görə bəlkə də bilərəkdən, ya da bilməzlikdən süni qiymət artımına yol verirlər”.
Ekspert qeyd edib ki, rəqabətin güclü olması üçün mütləq həmin regionlarda, o cümlədən Bakıda ucuz turizm obyektləri fəaliyyət göstərməlidir:
“1 və 2 ulduzlu otellər, restoranlar açılmalıdır. Belə olan zaman həmin obyektlər rəqiblərinin olduğunu görəndə istər-istəməz qiymətləri aşağı salıb, xidmət keyfiyyətini qaldırmalıdır. Bunu etməsələr onlar müflisləşəcəklər.
Həmçinin, regionlarda xidmət səviyyəsi zəif olduğuna görə, həm Azərbaycan Turizm və Menecment Universiteti, həm də turizm assosiasiyaları tərəfindən həmin yerlərdə fəaliyyət göstərən obyektlərin sahibləri, menecerləri ilə müqavilə əsasında treninqlər keçirilməlidir. Göstərilən xidmət aşağı olduğu halda yüksək qiymət alındığına görə şikayətlər də çoxdur, narazılıqlar da yaranır. Onların təqdim etdiyi ərzaqların keyfiyyətinə nəzarət olmalıdır. Təsəvvür edin, bəlkə yüksək qiymət qarşılığında sizə ucuz ərzaq təklif edirlər. Məsələn, kənd yumurtası, təbii bal olduğunu desələr də, sıradan məhsullar verildiyini görürsən. Əgər yüksək qiymətlər varsa, yüksək səviyyəli də məhsullar olmalıdır”.
“Azərbaycanda istirahət etmək xaricdən baha başa gəlir”
M.Ağakərimov bildirib ki, qiymətlə bağlı əsasən Qəbələ, Şəki zonasında narazılıqlar var:
“Həmin bölgələrdə qiymətlər baha olduğu üçün aztəminatlı insanlar, tələbələr, gənc ailələr istirahət üçün ora gedə bilmirlər. Turistlər çoxaldıqca, ucuz otellərin sayı artmalıdır. O zaman görək necə süni artıma yol verəcəklər? Qazanmaq olar - 3 manata aldığını 4-5 manata sat . Bunun işıqpulusu, vergisi var. Lakin 3 manata aldığını 23 manata satmaq düzgün deyil. Birdən-birə varlanmaq eşqindən imtina edib, dövriyyədən qazanmaq lazımdır.
İndi Azərbaycanda istirahət etmək xaricdən daha baha başa gəlir. Ona görə yerli əhali qonşu ölkələrə - Batumiyə, İran, Türkiyənin müxtəlif yerlərinə üz tutur. Təəssüf edirəm ki, regionlardakı turizm menecerləri, sahibkarlar reallıqdan uzaqdırlar. Halbuki, Azərbaycanda daxili turizmin inkişaf etməsi həm yeni iş yerləridir, həm də iqtisadiyyata köməkdir”.
“İstehlakçı hüquqlarını qoruyan qurumlar zəifdir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, azad bazar iqtisadiyyatı şəraitində qiymətlərə heç kəs müdaxilə etməməlidir:
“Yalnız dövlət və hökümət elə funksiyalar yerinə yetirməlidir ki, ölkədə azad, yüksək rəqabətli bazar mühiti yaransın. Təəssüf ki, belə deyil. Üstəlik istehlakçı hüquqlarını qoruyan qanunlar və bunu yerinə yetirən dövlət orqanları zəifdir və ya yox dərəcəsindədir. Ona görə də hər həftə mənə şişirdilmiş qiymətlərlə bağlı ölkənin müxtəlif yerlərindən bir-iki telefon zəngi gəlir. İstənilən qurum istənilən qiyməti istehlakçıya deyə bilər. Lakin bu, öncədən menyuda yazılmalı, istehlakçı o qiyməti bilməlidir”.
Müsahibimizin sözlərinə görə, qiymətlərlə əlaqəli Azərbaycanda anormal vəziyyət müşahidə edilir:
“Məsələn, Bulvarda çayı mürəbbəsiz vermirlər. Şəhərin başqa yerində üzü dənizə oturmaq üçün əlavə pul alırlar. Yaxud ötən həftə Qəbələnin “Xanlar” restoranından telefon zəngi gəlmişdi ki, az miqdarda kabab verilsə də, ikiqat artıq pul alırlar. Onların hesablaması ilə qoyun ətinin kilosu 40 manata başa gəlir. Bu cür qiymətlər formalaşır, əhalinin rəğbətini qazanıb daha sonra istehlakçıdan çoxlu pul alırlar. Təbii, bu, anormal haldır. Bu da daxili turizmin inkişafına ciddi ziyandır.
Qiymət formalaşmasında sahibkar nə qədər sərbəst olsa da, istehlakçı hüquqları öndə dayanmalıdır. Təəssüf ki, bu kimi şikayətləri dövlət orqanlarına göndərəndə heç bir müsbət nəticə əldə edə bilmirik.
Bütün hallarda istehlakçı qarşı tərəfdən kassa çeki alsın. Və xidmət göstərəndən elə bir sənəd alınmalıdır ki, orda menyudakı yeməklərin qramları göstərilsin. Bundan sonra Azad İstehlakçılar Birliyinə müraciət olarsa, biz istehlakçıların hüquqlarını qorumağa hazırıq”.