Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərini xoşagəlməz sürpriz gözləyir. FED.az xəbər verir ki, yaxın vaxtlarda tikinti sektorunda maaşların hesablanması və əmək haqqından sosial sığorta ödənişlərinin tutulması ilə bağlı yeni qaydaların tətbiqi gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov «Real TV»yə bildirib ki, hazırda nazirlik tikinti aparan təşkilatlarda sosial sığorta haqlarının normativlər əsasında ödənilməsi haqqında yeni qanun layihəsi üzərində işləyir. Yeniliyin məğzi ondan ibarətdir ki, normativlərə əsasən, tikintinin hər kvadratmetri üçün əmək haqqının məbləği hesablanacaq.
Bu əmək haqqından isə sosial sığorta ödənişləri – DSMF-ə ödəmələr hesablanıb tutulacaq. Nazir bildirib ki, bu üsul tikinti sektorunda əmək haqlarının gizlədilməsinin, işçilərin rəsmiləşdirilməməsinin və bunun nəticəsində vergidən yayınmanın qarşısını alacaq: «Bu üsul bir sıra ölkələrdə, o cümlədən Türkiyə də uğurla tətbiq edilir. Məsələn, Türkiyədə tikintidə hər kvadratmetrə əmək haqqının məbləği bəllidir və ona görə sosial sığorta haqqı ödənilməlidir. İstəyirsən 5 işçi rəsmiləşdir, istəyirsən 15, fərqi yoxdur».
Eləcə də bax: Köhnə binalarda evlər bahalaşır