İyunun 13-də Vergilər Nazirliyində Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, nazirin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.
Bildirilib ki, 2016-cı ilin iyulundan etibarən Azərbaycanda turistlər tərəfindən alınmış mallara görə ödənilmış əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması sisteminin - «Tax free»nin tətbiqinə başlanıb. Bu sistemin tətbiqinin ölkəyə xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığın təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədini daşıdığını bildirən S.Məmmədxanov «Tax free» sistemi üzrə operator səlahiyyətlərinin Vergilər Nazirliyi tərəfindən həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, «Tax free» stikerləri olan mağazalarda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, alınan digər mallara görə ödənilən ƏDV-nin məbləği xarici vətəndaşlar ölkəni tərk etdiyi zaman onlara ölkənin hava və dəniz limanlarında geri qaytarılır.
Qonaqlara Azərbaycanda ƏDV qaytarılması prosesinin spesifik xüsusiyyətləri barədə ətraflı məlumat verilib və bu sistemin ölkəmizdə keçirilən Bakı Şopinq Festivalı dövründə yerli alıcılara da tətbiq edildiyi bildirilib. Vergilər Nazirliyi ticarət festivallarının operatoru kimi ƏDV-nin qaytarılması ilə bağlı proqram təminatının, vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edib.
Ölkəmizin vergi sistemində tətbiq olunan vergi dərəcələri, vergi islahatlarının gedişatı, vergi sisteminin iqtisadi siyasət məqsədlərini dəstəkləməsi, büdcə gəlirlərində ayrı-ayrı vergi növlərinin rolu, uçot sistemində aparılan modernləşmə prosesi ilə bağlı qonaqları ətraflı məlumatlandıran vergilər nazirinin birinci müavini bu islahatların əsas məqsədinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şərtlərin yaradılması, vergi ödəyicilərinə yüksək xidmətlərin göstərilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə qonaqların diqqətinə çatdırıb ki, Vergilər Nazirliyi vergitutma sahəsində dünyada gedən prosesləri yaxından izləyir, mütərəqqi beynəlxalq təcrübənin milli vergi sistemində tətbiqi istiqamətində tədbirlər həyata keçirir. Vergilər Nazirliyinin beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini xatırladan Z.Fətizadə ölkəmizin digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı genişləndirilməsinə maraqlı olduğunu, son illər ikiqat vergitutmanın aradan qaldırılması və məlumat mübadiləsi sahəsində sazişlər şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndiyini qeyd edib.
Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin Sədri Ardak Tenqebayev vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Komitə sədri Azərbaycan və Qazaxıstan arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişin uğurla tətbiq edildiyi vurğulanıb.
Görüşdə yaxın gələcəkdə ölkələrimizin vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib
13:38
14 İyun 2017