“İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəşt və azadolmalarının sayı artıb”.
Bunu bu gün Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimində “Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə məlumat verən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib. Onun sözlərinə görə, hazırda Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur: “Ölkəmizdə biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib. Mövcud vergi sistemi sahibkarlığı və ixracı təşviq edir. Ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı proseduralar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir”, - deyə S.Musayeva vurğulayıb.
O, kənd təsərrüfatı məhsullarının istehsalçılarına, sənaye və texnologiyalar parklarının rezidentlərinə, investisiya təşviqi sənədini almış şəxslərə verilən vergi güzəştləri, Vergi Məcəlləsində nəzərdə tutulan digər stimullaşdırıcı tədbirlər, həmçinin səmərəli vergi inzibatçılığının qurulması istiqamətində aparılan son vergi islahatlarına da toxunub.
S.Musyeva ölkə Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı və bu xəritələrdə xarici investisiyaların stimullaşdırılması ilə bağlı müəyyən edilmiş hədəflər barədə də məlumat verib.