HSBC, “Citygroup” və “Morgan Stanley”, “Bank of America Merrill Lynch” kimi maliyyə qurumları dünya bazarlarındakı aktivliyin tezliklə sona çatacağı və yüksəliş trendinin ciddi enişlə əvəz olunacağını bildirirlər.
FED.az-ın xəbərinə görə, Uoll-Strit ekspertləri hesab edirlər ki, iqtisadi fəallığın son mərhələdə olduğunu və yaxın zamanlarda durğunluq, hətta böhranla əvəz olunacağını sübut edən amillər getdikcə artmaqdadır.
Analitiklər böhranın yaxınlaşdığını sübut edən bir sıra əlamətlərə, o cümlədən də səhm, valyuta və əmtəə bazarları arasındakı uzunmüddətli əlaqələrin pozulmasına, eləcə də investorların fundamental əsaslara və iqtisadi göstəricilərə göz yummasına işarə edirlər. Bu isə o deməkdir ki, fond və kredit bazarları dərin eniş riski ilə qarşı-qarşıyadır.
2007-ci il böhranı ərəfəsində olduğu kimi, investorlar aktivləri risklər əsasında dəyərləndirir və daha uzunmüddətli təsir effektinə malik olan fundamental iqtisadi göstəriciləri nəzərə almırlar. Treyderlər optimist baxışlarını qoruyub saxlamaq üçün bəhanələr axtarırlar ki, bu da öz növbəsində aktivlərin müxtəlif növləri arasındakı qarşılıqlı ələqələri pozur. Sonuncu dəfə səhm, valyuta və əmtəə bazarları arasındakı əlaqələrin belə aşağı səviyyədə olması məhz 2005-2007-ci illərdə müşahidə olunub.
Ekspertlər cari ildə investorların şirkətlərin gəlir və mənfəət göstəricilərinə diqqətsiz yanaşmasını yüksəliş trendinin son mərhələdə olduğunu sübut edən amillərdən biri kimi göstərirlər. Belə ki, 2000-ci illərin ortalarından bugünə kimi ilk dəfə olaraq, gəlirləri proqnozları üstələyən 11 müxtəlif sahəni təmsil edən şirkətlər bunun müqabilində ciddi sərmayə cəlb edə bilməyiblər.
Uoll-Strit xəbərdarlıq edir: Böhran geri qayıdır
12:20
24 Avq 2017