Uber şirkətinin fərdi sərnişindaşıma üzrə lisenziyasının müddəti uzadılmayacaq.
Londonda ictimai nəqliyyatı idarə edən və taksi operatorlarına lisenziya verən “Transport for London” (TfL) şirkəti bu qərara gəlib.
FED.az BBC-yə istinadən xəbər verir ki, populyar taksi xidmətinin London bölməsi olan Uber London Limited-in lisenziyasının müddəti sentyabrın 30-da bitəcək. Şirkət 21 gün ərzində appelyasiya şikayəti verə bilər. Appelyasiya prosesinin sonunadək isə London sakinləri ucuz taksi xidməti kimi ad çıxarmış Uber-dən istifadə edə bilərlər.
Uber-in London bölməsi iş prosesində baş vermiş cinayət faktlarına, eləcə də sürücülərin yoxlanışı, xüsusilə də tibbi arayışların alınması prosedurlarına qeyri-ciddi yanaşmaqda və bununla da şəhər sakinlərinin təhlükəsizliyini yetərincə təmin etməməkdə ittiham olunur. Londonun meri Sadik Xan TfL-in bu qərarını tam şəkildə dəstəklədiyini bildirib.
Uberin London bölməsinin rəhbəri Tom Elvic isə şirkətin taksi xidmətindən istifadə edən 3,5 milyon londonlunun və Uber-lə əməkdaşlıq edən 40 min lisenziyalı sürücünün bu qərardan narazı olacağını bəyan edib. O, bildirib ki, Uber ciddi hadisələr olduqda polisə xəbər verir və sürücülərin yoxlanışı qaydalarına tam əməl edir. T.Elvic TfL-in qərarından appelyasiya şikayəti verəcəklərini də əlavə edib.
Qeyd edək ki, Londonda Uber taksi xidməti daha çox ucuzluğuna görə populyarlıq qazanıb. Lakin sürücülərin sərnişinlərə qarşı seksual xarakterli əməllərilə bağlı şirkət tərəfindən polisə məlumat verilməməsi, eləcə də məhkumluğu olan sürücülərin işə cəlb edilməsi kimi qalmaqallar Uber-ə qarşı ictimai narazılığı artırıb. Şirkət sürücülərin iş şəraitinin qeyri-qənaətbəxş olmasına görə həmkarlar ittifaqları tərəfindən də tənqid olunub.
Xatırladaq ki, bugünədək Kanadanın Vankuver, Braziliyanın Rio-de-Janeyro şəhərlərində, eləcə də Bolqarıstan və Danimarka kimi ölkələrdə Uber-in fəaliyyəti qadağan olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Ucuz taksi dövrü başa çatdı
10:47
25 Sen 2017