Dünyanın ən böyük 15-ci dondurma və buzlu qida ixracatçısı olan Türkiyə 2012-ci ilin yanvarından bu ilin iyununadək olan dövrdə Azərbaycana 5 milyon 59 min dollarlıq dondurma ixrac edib.
"Habertürk.com"un yazdığına görə, bu barədə Türkiyə Statistika İdarəsi və Birləşmiş Millətlər Təşkilatının məlumatlarında deyilir. Bildirilir ki, bu müddətdə Türkiyə 68 ölkə və 4 sərbəst bölgəyə 88 min 366 ton dondurma satıb. Dondurma ixracından 2012-ci ildə 36 milyon 284 min, 2013-cü ildə 38 milyon 275 min, 2014-cü ildə 35 milyon 725 min, 2015-ci ildə 36 milyon 388 min, 2016-cı ildə 34 milyon 788 min və bu ilin ilk yarısında 22 milyon 406 min dollar gəlir əldə olunub.
Ən çox dondurma İraqa ixracı edilib. Belə ki, 5,5 ildə 48 milyon 29 min dollar qarşılığında 18 min 360 ton dondurma ixrac edilib. Kosovoya 16 milyon 596 min dollarlıq gəlirlə ikinci yerdədir. Albaniyaya 12 milyon 792 min dollarlıq, Şimali Kipr Türk Respublikasına 9 milyon 359 min dollarlıq, Birləşmiş Ərəb Əmirliklərinə 7 milyon 642 min dollarlıq və Azərbaycana 5 milyon 59 min dollarlıq dondurma ixrac olunub.
Türkiyənin dondurma istehsalçılarının ixrac bazarları arasında ABŞ, Avstraliya, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika, Hindistan, Kanada, Pakistan, Seneqal və Çili kimi uzaq ölkələr də var.