Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən iqtisadi maarifləndirmə tədbirləri çərçivəsində 2015-ci ildən başlayaraq hər il ali təhsil müəssisələrinin III və IV kurs tələbələri üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirilməkdədir.
AMB-dən FED.az-a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd maliyyə savadlılığının gənclər arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, tələbələri bank-maliyyə sektorunun işi ilə yaxından tanış etmək, onlara karyera quruculuğu işində köməklik göstərmək və bank-maliyyə qurumlarının təcrübə proqramlarına dəstək olmaqdır.
Qeyd olunan maarifləndirmə tədbirləri 2017-ci ilin birinci yarımilliyində də davam etdirilmişdir. Belə ki, 2017-ci ilin 27 fevral – 9 iyun tarixlərində hər biri iki mərhələdən ibarət olan ümumilikdə 5 təlim keçirilmişdir. Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən bu təlimlərdə 150 tələbə iştirak etmişdir. Təlimlərin birinci mərhələsindən uğurla keçən tələbələr ikinci mərhələdə iştirak etmək hüququ qazanmışlar. İkinci mərhələsini də müvəffəqiyyətlə başa vuran 71 tələbəyə isə 30 iyun tarixində sertifikatlar təqdim edilmişdir. Eyni zamanda tələbələrin CV-ləri və yekun test imtahanı üzrə balları internatura proqramında iştirak etmək imkanı qazanmaq üçün müvafiq bank-maliyyə qurumlarına təqdim olunmuşdur.
Qeyd edək ki, bu günə kimi sözügedən layihənin 40 məzunu layihədə iştirak edən bank-maliyyə qurumlarında təcrübə proqramlarına cəlb olunmuşlar. Maliyyə maarifləndirilməsi istiqamətində hədəf qruplarından olan ümumtəhsil müəssissələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssissələrinin tələbələrinin iqtisadi və maliyyə savadlılığının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank gələcəkdə də bu hədəf qrupları üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.
2017-ci ilin ikinci yarısının ilk təliminin isə 28 avqust - 6 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.
Tələbələr üçün maliyyə savadlılığı ilə bağlı təlimlər davam edir
10:16
7 İyul 2017