Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri haqqında məlumat yayıb.
Eləcə də bax: AMB: Növbəti faiz qərarında da uçot dərəcəsi - ARTIRILA BİLƏR
FED.az xəbər verir ki, məlumatda deyilir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7% (əvvəlki 6,50%), faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində (bundan əvvəl 7% idi) müəyyən olunmuşdur.
Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilmişdir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi müşahidə edilmişdir. Rəsmi statistikaya görə sentyabrda aylıq inflyasiya 1.8%, 12 aylıq inflyasiya isə 8.5% təşkil etmişdir. Orta illik inflyasiya isə yanvar-sentyabr aylarında 5.2% olmuşdur. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 3.3% təşkil etmişdir.
İnflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur.
Dünya birjalarında qiymətlər sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2.1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 27.5% artmışdır. Enerji daşıyıcılarının sürətlə bahalaşması enerji idxal edən ölkələrdə, o cümlədən Azərbaycanın ticarət tərəfdaşı olan enerji idxalçılarında inflyasiya proseslərinin sürətlənməsinin əsas səbəblərindən biridir.
Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ərzaq inflyasiyasına ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq məhsulları son ildə 32.8%, o cümlədən cari ilin sentyabr ayında 1.2% yüksəlmişdir.
Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin sentyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın yüksəlmişdir. Quru yüklərin daşınma xərcləri indeksi olan “Baltik Dry Index” 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxmışdır.
Azərbaycanın ticarət tərəfdaşı olan əksər ölkələrdə inflyasiyanın qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, sentyabrda illik inflyasiya hədəflə müqayisədə Azərbaycanın əsas ticarət tərəfdaşları olan iqtisadiyyatlarda – ABŞ-da 2.7 dəfə, Avrozonada 1.7 dəfə, Rusiyada 1.9 dəfə, Qazaxıstanda 1.5 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2.2 dəfə, Gürcüstanda 4.1 dəfə, Türkiyədə isə 3.9 dəfə yüksək olmuşdur.
İqtisadiyyatda inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədə bütün alt qruplar üzrə baş verir.
Sentyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ay ilə müqayisədə 2.6% yüksəlmiş, illik ərzaq inflyasiyası 10.4% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-sentyabr aylarında 6% olmuşdur.
Qeyri-ərzaq məhsulları üzrə qiymətlər sentyabrda ötən ay ilə müqayisədə 0.8%, son 1 ildə 5.9% yüksəlmişdir. Yanvar-sentyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.4% olmuşdur.
Xidmətlər sentyabrda 1.5%, son 1 ildə 7.9% bahalaşmışdır. Orta illik xidmət inflyasiyası yanvar-sentyabr aylarında 4.6% təşkil etmişdir. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin dinamikası əhəmiyyətli təsir göstərmişdir. Qiymətlər hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri üzrə 34%, icarə haqları üzrə 8.2%, tibbi xidmətlər üzrə 7.4% və ictimai iaşə xidmətləri üzrə 7% yüksəlmişdir.
Bütövlükdə, qiymətləndirmələrə görə inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-i daxili xərc amilləri – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir.
Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Sentyabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 80%-i inflyasiya gözləyir, o cümlədən 24.5%-i inflyasiya tempinin daha da yüksələcəyini düşünür. İnflyasiya gözləntiləri sentyabrda xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda pozitiv zonada qalmışdır.
Yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6.2-6.5%, illik inflyasiya isə 9.5-10.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6% səviyyəsində proqnozlaşdırılır.
Xarici sektor. Xarici fon tədiyə balansı və iqtisadi artım baxımından əlverişli olaraq qalır.
Beynəlxalq Valyuta Fondunun oktyabr ayında yenilənmiş proqnozuna görə 2021-ci ildə qlobal iqtisadiyyatın 5.9% artacağı gözlənilir. Qlobal iqtisadiyyatın, o cümlədən ticarət tərəfdaşlarında iqtisadi artımın yüksəlməsi xarici tələb vasitəsilə ölkədə iqtisadi artımın bərpasına müsbət təsir göstərir.
Qlobal tələbin sürətli bərpası şəraitində Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 69 ABŞ dollarını, oktyabrda isə 83 ABŞ dollarını üstələmişdir. Beynəlxalq Valyuta Fondu son hesabatında cari ilə neftin qiymətinin proqnozunu 1 ABŞ dolları yüksəldərək 66 ABŞ dollara çatdırmışdır.
İxrac məhsullarının bahalaşması və tərəfdaş ölkələrdə iqtisadi aktivliyin yüksəlməsilə qeyri-neft ixracının genişlənməsi ölkənin tədiyə balansını və valyuta bazarı ilə bağlı gözləntiləri yaxşılaşdırır. 9 ayda xarici ticarət profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artmışdır. Bu dövrdə strateji valyuta ehtiyatları 3.4% (1.7 mlrd. ABŞ dolları) artaraq 52.5 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.4% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir.
Xarici sektor göstəricilərinin və gözləntilərin yaxşılaşması manatın məzənnəsinin sabitliyini dəstəkləmiş, cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 84%-də təklif tələbi üstələmişdir.
İqtisadi fəallıq. İqtisadi aktivlik davamlı olaraq artır. Daxili və xarici tələbin genişlənməsinə adekvat olaraq 2021-ci ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 6.2% artmışdır. Qeyri neft-qaz sənayesində 19.7%, kənd təsərrüfatında 5.1%-lik iqtisadi artım baş vermişdir. Epidemioloji vəziyyət xidmət sektorunun daha yüksək templə artımına mane olur. Ümumilikdə iqtisadiyyatda məşğulluq səviyyəsi artmaqdadır.
Karantin şərtlərinin nisbətən yumşaldılması, əhalinin nominal gəlirlərinin sabit artımı və istehlak kreditləri üzrə fəallaşma istehlak tələbini dəstəkləyir. 9 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, ödənişli xidmətlərin istehlakı 4.6% artmışdır.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə sentyabrda biznes inam indeksi əvvəlki aya nəzərən qeyri-neft sənayesi, xidmət və tikinti sektorlarında yüksəlmişdir. Bütün sektorlar üzrə biznes inam indeksi pozitiv zonada qərarlaşmış, tikintidə icraya qəbul edilmiş sifarişlər artmışdır.
Monetar şərait. Mərkəzi Bankın pul siyasəti monetar şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna qaytarılmasına yönəlmişdir.
Pul bazasının ilin əvvəlinə nəzərən artım tempi cəmi 9%-təşkil etmişdir. İlin əvvəlindən dövlət büdcəsinin profisitli icrası pul kütləsini məhdudlaşdırmaqla anti-inflyasiya xarakteri daşımışdır.
İqtisadi aktivliyin yüksəlməsi fonunda bank sistemi üzrə kredit portfeli sentyabrda 2.2%, ümumilikdə 9 ayda isə 9.8% artmışdır. Manatla depozitlərin 21% artımı kredit qoyuluşlarının artım tempini üstələyir.
Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklarararsı pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən müddətdə kredit və depozitlər üzrə nominal faizlərlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir. İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir.
Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.
Risklər balansı. İnflyasiyanın risk balansında artırıcı, başlıca olaraq xarici və qeyri-ənənəvi amillərin rolunun artması müşahidə olunur.
Bu amillərə əsasən dünya əmtəə bazarlarında, xüsusi ilə ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, beynəlxalq təklif və logistika zəncirində mövcud olan problemlər aiddir.
Daxili amillərə isə başlıca olaraq qiymət və tariflərin liberallaşmasından irəli gələn qalıcılıq effektinin hələ də tam aradan qalxmaması aiddir. Bu proseslərin digər qiymət qruplarına – istehsalçı qiymətlərinə, aktivlərin dəyərinə zəncirvari təsiri və onların geriyə təsiri, inflyasiya gözləntilərinin yüksəlməsi risk balansında artırıcı amillərin rolunu gücləndirir.
Risk balansında inflyasiyanı neytrallaşdıran amil mövcud makroiqtisadi sabitlik platformasıdır. Əlverişli tədiyyə balansı, yüksələn neft qiymətləri proqnozu, milli valyutanın məzənnəsinin dayanıqlığı və onun anti-inflyasiyon rolu, həyata keçirilən konservativ monetar siyasət bu platformanın başlıca elementləridir.
Makroiqtisadi sabitliyə, o cümlədən inflyasiyanın ortamüddətli səviyyəsinə fiskal siyasətin artıq elan edilmiş əsas istiqamətləri müsbət təsir edəcəkdir. 2022-i ildən başlayaraq büdcə qaydalarına qayıdış və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı monetar-fiskal çərçivəni möhkəmləndirəcəkdir.
Risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.
Bu qərar 29 oktyabr 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il dekabr ayının 17-də ictimaiyyətə açıqlanacaqdır.