“Dövlət başçısının tapşırığı, imzaladığı Fərman və dövlət proqramları ilə Büdcə siyasəti və xarici dövlət borcunun idarə edilməsi siyasəti qarşısında mühüm hədəflər müəyyən edilib. Bu istiqamətdə xeyli uğurlar da əldə edilib”.
Eləcə də bax: “Maşın və telefon rüsumlarının artırılması nəzərdə tutulmayıb”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bu hədəfləri əsasən 3 qrupa bölmək olar: “Birincisi büdcə idarəetməsində təkmilləşmələrin aparılması, büdcə dayanıqlılığın möhkəmlənməsidir. İkincisi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin tədricən azaldılması və strateji ehtiyatların qorunmasıdır. Üçüncüsü, xarici dövlət borcunun ÜDM-ə nisbətinin tədricən azaldılması ilə bağlı hədəfdir. Hər 3 istiqamət üzrə tapşırıqlar indiki dördə makroiqtisadi sabitliyin qorunub güclənməsinə, iqtisadi müstəqilliyimizin artımına xidmət edir”.
Komitə sədri diqqətə çatdırıb ki, qanunlara təklif edilən dəyişikliklər də məhz bu hədəflərə xidmət etməkdədir: “Bu dəyişikliklər transfer, büdcə ssudaları, icmal büdcə gəlirləri və xərcləri, ortamüddətli dövr, birdəfəlik təyinatlı xərclər və digər anlayışların dəqiqləşdirilməsi, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təşkilatı formasının dəyişdirilməsi, onun xərclərinin yuxarı həddinə limitin qoyulması büdcə siyasətində təkmilləşmələrə xidmət edir. Digər tərəfdən yeni büdcə qaydası ilə xərclərdə yuxarı hədlər müəyyən edilir. Qeyri-neft baza kəsirinin qeyri neft ÜDM-ə nisbəti ilə müəyyən edilən yuxarı hədlər və bu prosesdə xam neftin ixrac qiymətinin nəzərə alınması dolayısı ilə DNF-dan büdcəyə transferi azaltmağa hesablanıb. Qeyd edim ki, hər il bu yuxarı hədlərin azaldılması planlaşdırılır. Maliyyə Nazirliyi tərəfindən bizə təqdim edilən 5 illik simulyasiyalar büdcə xərclərinin artması ssenarisində Dövlət Neft Fondundan transferlərin azalacağını göstərir. Artan xərclər isə qeyri-neft gəlirləri hesabına maliyyələşəcək. Həmçinin, yeni qaydada dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi müəyyən ediləcək. Bu nisbət ildən ilə dövlət borcunun ÜDM-ə nisbətinin azaldılmasına xidmət edəcək. Xatırladım ki, hazırda dövlət borcunun ÜDM-ə nisbəti 21.6%-dir”.