Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlara verilmiş sifarişlərin 90%-i Azərbaycan vətəndaşlarına aid olub. “Fed.az” xəbər verir ki, bu açıqlama ilə SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edib.
SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.
R.Abdullayevin sözlərinə görə, istiqrazlara tələbin emissiya prospektində nəzərdə tutulandan 2 dəfə çox – 203 mln. dollar olması daxili kapital bazarının inkişafı üçün müsbət haldır.
R.Abdullayev qeyd edib ki, istiqrazlar tədavüldə olduğu 2021-ci ilə qədər market-meykerlər vasitəsi ilə nominal qiymətə (1 000 ABŞ dolları) geri alınacaq. Eyni zamanda, bundan sonra xarici ölkə vətəndaşları və hüquqi şəxslər də təkrar bazarda istiqrazları əldə edə bilərlər.