Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları (ISIN AZ2001019895) "Bakı Fond Birjası" QSC-də (BFB) repo predmeti siyahısına əlavə edilib.
Bu barədə BFB-dən bildirilib.
Məlumata görə, hazırda istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər, onlarla repo əməliyyatları da həyata keçirmək mümkündür.
Qeyd edək ki, repo predmeti olaraq yüksək likvidli, market-meykeri olan alətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir. SOCAR istiqrazlarının repo təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilib.
Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir. Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.