Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.
Bu barədə FED.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 45 ünvanında yerləşən “Şərab evində” keçirilən vergi nəzarəti tədbiri zamanı, özünü obyektin sahibi kimi təqdim edən Xəlilov Eldar İsa oğlunun qeyri-qanuni olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının saxlanılması və satışının həyata keçirilməsini təşkil etdiyi aşkar edilib. Sözügedən ünvanda aparılan baxış zamanı aşkar edilmiş xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilər və tütün məmulatları götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün müvafiq sənədlər Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
2017-ci ilin ötən müddəti ərzində aksiz markası olmadan xeyli miqdarda aksiz markaları ilə markalanmalı olan məhsulların satışını həyata keçirən vergi ödəyicilərinin aşkar edilməsi üzrə Bakı şəhəri, Tbilisi prospektində yerləşən vergi ödəyicisi Məmmədov Osman Akif oğluna məxsus “Kübar market”də və Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus “Şərab evi №1”də, Nəsimi və Nizami rayonları ərazisində fəaliyyət göstərən Tağıyev Ramil Rafiq oğlu, Gülmalıyeva Könül Gülalı qızı və Abbasov Elşad Telman oğluna məxsus siqaret satışı ilə məşğul olan 3 köşkdə, Xanadanova Turac Hətəm qızı və Məmmədov Natiq Əzizulla oğluna məxsus “Elbrus şərab evləri” şəbəkəsində, Sumqayıt şəhərində yerləşən Rəhimov Ramiz Əliəsgər oğluna məxsus “Soyuz peçat” mağazasında və digər obyektlərdə çoxlu sayda analoji hallar aşkar edilərək, qanunamüvafiq tədbirlər görülüb.
Ümumilikdə, respublika üzrə 2017-ci il ərzində aksiz markaları ilə markalanmalı olan malların, markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə yerli vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi haqqında 364 qərar çıxarılıb, 349 obyektdə nəzarət tədbiri həyata keçiriib, bunlardan 265-də vergi ödəyiciləri tərəfindən 33 439,4 manat miqdarında aksiz markası olmadan malların satışının həyata keçirildiyi aşkar edilərək, nəticələri müvafiq akt və protokollarla rəsmiləşdirilməklə inzibati xəta tərkibi yaradan materiallar baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəmələrinə, cinayət tərkibi yaradan materiallar isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Vergilər Nazirliyi saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə bağlı nəzarət tədbirlərini davam etdirir, nöqsan aşkar edilən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək.
Saxta aksiz markaları ilə markalanmış və aksiz markası olmayan alkoqollu içkilərin satışı halları aşkar edilib
11:32
23 İyun 2017