Bugün Cənubi Koreya məhkəməsi Samsung şirkətlər qrupunun faktiki rəhbəri olan Li Çje Yonun işi üzrə yekun qərar qəbul edib. Ölkə rəhbərliyinə 36 milyon dollar məbləğində rüşvət verməkdə ittiham olunan iş adamının günahkar olduğu təsdiqlənib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
FED.az “The Guardian”-a istinadən xəbər verir ki, cari ilin əvvəllərində C.Koreya cəmiyyətini silkələyən korrupsiya qalmaqalı ölkə prezidenti xanım Pak Kın Henin impiçmenti və Samsung rəhbərliyinin həbsi ilə nəticələnmişdi. Li Çje Yon bütün ittihamları rədd etsə də, prokurorlar məhkəmədən onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyirdilər.
Xatırladaq ki, cənab Li fevral ayında həbs olunub. O, ölkənin artıq keçmiş prezidenti xanım Pak Kın Henin yaxın rəfiqəsi və köməkçisi olan Çxve Sun Silin nəzarət etdiyi xeyriyyə fondlarına 41 milyard von (36 milyan dollar) pul köçürməkdə və bu yolla prezidentin dəstəyini qazanmaqda, həmçinin şirkət aktivlərinin xarici ölkələrdə gizlədilməsində ittiham olunurdu.
Li Çje Yon rəsmən Samsung Electronics-in vitse-prezidenti olsa da, atası Li Qon Hinin 2014-cü ildə infarkt keçirməsindən sonra şirkətlər qrupunun faktiki rəhbəri sayılır.
Prokurorlar bildirirdilər ki, qeyd olunan ianələr Samsung şirkətlər qrupunda Li Çje Yonun nəzarətini gücləndirəcək köklü islahatların aparılması, səhmdarların etirazlarına baxmayaraq şirkətlər qrupuna daxil olan iki səhmdar cəmiyyətin birləşdirilməsi üçün eks-prezidentin dəstəyini qazanmaq məqsədilə verilib. Əks tərəfin vəkilləri isə cənab Linin gündəlik iclaslarda iştirak etmədiyini və ianə haqqında sənədlərin onun xəbəri olmadan imzalandığını bəyan edirdilər.
Qeyd edək ki, Samsung Electronics bir-birilə bağlı olan 60 şirkətdən ibarətdir. Onun fəaliyyəti C.Koreya üçün böyük əhəmiyyətə malikdir. Belə ki, şirkətin satışları ölkə ÜDM-nin təxminən 20%-ni təşkil edir.
Cənab Linin həbsi onun şəxsi biznes nüfuzuna zərbə vursa da, rəhbərlik etdiyi şirkətin fəaliyyətinə ciddi təsir etməyib. Samsung Electronics son rübü 11 trilyon von həcmində rekord gəlirlə başa vurub. Bugünlərdə isə şirkətin flaqmanı sayılan Galaxy S8 smartfonu təqdim olunub.
Samsung-un rəhbəri korrupsiyaya görə 5 il azadlıqdan məhrum edildi

10:55
25 Avq 2017