Warren Buffett bildirib ki, daha çox ABŞ bankı müflis ola bilər, lakin əmanətçilər vəsaitlərini itirməyəcəklər.
SVB bankının iflasından sonra qlobal maliyyə sektoru - 465 Milyard Dollar İtirib
FED.az xəbər verir ki, milyarder iş adamı, "Berkshire Hathaway Inc"ın baş direktoru Warren Buffett CNBC-yə verdiyi müsahibəsində "Bank iflasları bitməyib" deyib. Buffet vurğulayıb ki, bank rəhbərlərinin axmaq qərarları panikaya ehtiyac olmayan bir vəziyyətdə bütün ABŞ vətəndaşları arasında çaxnaşma yaratmamalıdır.
Buffet, gələn il heç bir əmanətçinin pul itirməyəcəyinə mərc etməyə hazır olduğunu söyləyib. Lakin milyarder investor xəbərdarlıq edib ki, problemli bank səhmləri dəyərli investisiya deyil və hökumət əmanətçiləri qorumaq üçün tədbirlər görsə belə, səhmdarların xilas olmaları ehtimalı azdır.
"Onlar səhmdarları xilas etməyəcəklər", - Buffett "First Republic Bank" da daxil olmaqla problemli bank səhmlərinin böyük gəlirli investisiya olub-olmadığı barədə suala cavabında bildirib.
Buffett əlavə edib ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) banklardan topladığı üzvlük haqları hesabına maliyyələşir. Bank iflas edərkən federal hökumət pul itirmir, kompensasiyalar FDIC tərəfindən ödənilir.
"İctimaiyyətdə belə bir təəssürat yaranıb ki, FDIC ABŞ hökumətidir. Lakin FDIC-in xərcləri, o cümlədən işçilərinin xərcləri və digər hər şey banklar tərəfindən ödənilir. Beləliklə, banklar hökuməti bir qəpik də xərcə salmırlar", - Baffet deyib. (Marja)