Qlobal maliyyə bazarlarında faizlər artmağa başlayıb. "Bloomberg" agentliyinin yazdığına görə, Fransanın dövlət istiqrazları hərracında müşahidə olunan zəif tələb dünən başda Almaniya olmaqla Avropa bazarlarına, daha sonra isə ABŞ maliyyə bazarlarına sıçrayıb. Belə ki, ABŞ-ın 30 illik dövlət istiqrazlarının faizləri dünən 7 baza bəndi artaraq 2,92%-ə yüksəlib. Almaniyanın 10 illik istiqrazlarının faizləri isə 9 baza bəndi artaraq 0,56%-ya çatıb.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, "DoubleLine Capital" investisiya şirkətinin icraçı direktoru Cefri Qandlax (Jeffry Gundlach) hesab edir ki, ABŞ dövlət istiqrazlarında başlayan satış gələcək perspektivdə investorların daha çox narahatlıq gözlədiklərini göstərir. İstiqrazlarda faizlərin yüksələcəyini proqnozlaşdıran treyderlər istiqraz bazarından sürətlə uzaqlaşmağa başlayıblar. Qeyd edək ki, istiqrazların satışı onların qiymətinin düşməsinə, faizlərinin isə artmasına gətirib çıxarır.