Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 22-də keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılacaq.
Komitədən FED.az-a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlakların torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib. Hərracda ən yüksək qiymətə, yəni 150 min manata təklif olunan əmlak paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Gəncə şəhərində yerləşən “Xronika kinoteatrıdır. Əmlakın özəlləşdirilən torpaq sahəsi 978.7 kv.m-dir. Belə ki, bu əmlak torpaq sahəsi ilə birlikdə 116 min 250 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəmkir rayonunda yerləşən və torpaq sahəsi 3269.3 kv.m. olan Şəmkir yun qəbulu məntəqəsi isə 49 min 500 manata təklif olunur.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Goranboy Sənaye İnşaat”, “Azinterservis”, “Şamaxı Dəmir Beton”, “Kürdəmir Kəndkimya Təchizat”, “Sumqaylt Kimya Tikinti”, “Tərtər Konserv” kimi səhmdar cəmiyyətlər var.
Hərraca çıxarılan 13 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Nissan Altima, Hyundai Sonata, Chanqan SC-6391FA, QAZ-13 kimi markalı avtomobillər hərraca çıxarılıb. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.