2017-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1524,9 min nəfər olmuş, onlardan 879,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 645,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,7 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2017-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 523,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.