Krım probleminin ortaya çıxmasından və neft qiymətlərinin aşağı düşməsindən sonra Rusiyanı ən azı 4 milyarder tərk edib. Onların ümumi sərvəti 32 milyard dollardan çoxdur.
FED.az BBC-yə istinadən xəbər verir ki, yaxın zamanlarda RBK mediaholdinqi və “Nornikel”in sahibi Mixail Proxorov da ABŞ-a köçə bilər. Belə ki, “Forbes” nəşrinin məlumatına görə, hazırda sərvəti 9 milyard dollar olan M.Proxorov tədricən Rusiyadakı aktivlərini satır və ABŞ aktivlərinə yatırım edir.
Son 3 ildə rusiyalı milyarderlərdən ən azı 4-ü daimi yaşayış yerini və kapital yatırımlarını dəyişib. Mail.ru-nun yaradıcısı Yuri Milner (3,5 milyard dollar) təsis etdiyi şirkətdən uzaqlaşaraq Moskvadan Kaliforniyanın Los-Altos şəhərinə köçüb və sərvətinin xeyli hissəsini Facebook, Xiaomi kimi şirkətlərə yatırıb. “Alfa Group”-un təsisçiləri Mixail Fridman (14,4 milyard dollar) və Aleksey Kuzmiçev (7,2 milyard dollar) isə hələ 2014-cü ildə Rusiyadakı son aktivlərini sataraq Londonda məskunlaşıblar. “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev (7,3 milyard dollar) də son 3 ildə Rusiyanı tərk edənlər arasındadır.
“Forbes” nəşrinin son olaraq bu ilin mart ayında təqdim etdiyi milyarderlər siyahısına əsasən belə qənaətə gəlmək olar ki, 2014-cü ildən bugünədək Rusiya yuxarıda adıçəkilən iş adamları ilə birlikdə, həm də onların 32,4 milyard dollarlıq sərvətini də əldən buraxıb. Bu isə bütün rusiyalı milyarderlərin ümumi sərvətinin 9%-i deməkdir.
BBC-nin “Forbes” nəşrinin məlumatları əsasında apardığı hesablamalarına görə, son 3 ildə xaricdə yaşayan rus milyarderlərin sərvəti 20 milyard dollardan 56 milyard dollaradək artıb. 2014-cü ildə rusiyalı milyarderlərin toplam sərvətinin (401 milyard) cəmi 5%-i xaricdə yaşayanların payına düşürdüsə, indi bu rəqəm 14%-ə çatıb. Hazırda bütün rusiyalı milyarderlərin ümumi sərvəti 331 milyard dollar dəyərində qiymətləndirilir.
Yaxın gələcəkdə Rusiyanı tərk edə biləcək “potensial miqrantlar” sırasında ən çox xarici aktivləri olan rus milyarderləri - “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq, eləcə də “Metalloinvest”in əsas səhmdarı Alişer Usmanovun adları hallanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Milyarderlər Rusiyanı tərk edirlər
09:49
13 Sen 2017