Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvini qəbul etmişdir. Bu barədə Fed.az-a Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirdi. Ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın mövqeyini xüsusi vurğuladı.
Sədr E.Rüstəmov Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, yoxsulluq probleminin aradan qaldırılması, ölkənin yuxarı orta gəlirli ölkələr sırasına qalxması haqqında məlumat verdi. Hazırda ölkə iqtisadiyyatının yeni inkişaf modelinə keçid ilə bağlı aparılan işlər, ölkədə makroqitisadi və maliyyə sabitliyi istiqamətində görülən tədbirlər haqqında danışdı.
E.Rüstəmov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə menecerinə fəaliyyətində uğurlar arzuladı, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirdi.
N.Naqvini Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatının qürurverici olduğunu qeyd edərək DB və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, mövcud layihələrin uğurla icrasının davam etdirilməsi və ölkə üçün əhəmiyyətli ola biləcək yeni layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyini bildirdi.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul etmişdir
14:54
19 Okt 2016