Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta illik inflyasiya 13,8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu barədə ötən gün keçirilən AMB-nin İdarə Heyətinin iclasında qeyd edilib.
Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.
AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.
Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.
AMB-nin inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.
Xatırladaq ki, AMB bu gündən etibarən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.