Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Palatadan FED.az-a verilən məlumata görə, görüş zamanı Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparıldı.
Mersi Tembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini və bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirdi.
Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstəyə görə Mersi Temboya təşəkkür etdi və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğuladı.
Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın perspektivləri barədə danışdılar.
MBNP-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
15:10
18 Sen 2017