Cari ilin dövlət büdcəsinin icrası olduqca uğurludur. Yüksək göstəricilərə nail olmuşuq. Azərbaycan iqtisadiyyatının cari ildə 4.8 faiz artımı qeydə alınıb, qeyri-neft sektoru üzrə isə artım 6.2 faiz təşkil edib.
Eləcə də bax: Bu il Neft Fondundan büdcəyə transfert - Proqnozdan Az Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı deyib.
Nazir xarici ticarət dövriyyəsinin də 8 faizdən çox artdığını diqqətə çatdırıb.
“Ümumiyyətlə gözlənilir ki, ilin sonuna qədər büdcəyə 1,5 milyard manatdan artıq daxilolmalar olacaq. Bu artımlar vergi, gömrük və digər sahələrdən əldə olunan daxilolmalar hesabına baş verəcək” - deyə S.Şərifov qeyd edib.
Nazir əlavə edib ki, artımlar nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılması nəzərdə tutulub.