Oktyabrın 13-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,4% azalaraq 0,1881 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır. Bundan əvvəl tarixi minimum oktyabrın 12-də qeydə alınıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) göstəriciləri əsasında aparılan hesablamalara görə, ilin əvvəlindən lirə manata nisbətdə 17,9% dəyər itirib.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 9,0158 lirəyə bərabərdir.
AMB-nin rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,3163 lirə təşkil edir. (Apa)